PDF Oxu

Sosial

  • 15

Xarici KİV-lərin anti-təbliğatı qanunsuzdur

Xarici KİV-lərin anti-təbliğatı qanunsuzdur

Və ya xarici anti-Azərbaycan dairələri seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərir

Məlum olduğu kimi, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə 2 həftə vaxt qalıb. Ötən müddət ərzində seçkilərə hazırlıqla bağlı, əməli-praktik işlər görülüb və seçkilərin azad, obyektiv və şəffaf baş tutması üçün hər bir şərait yaradılıb. Qeyd olunması vacibdir ki, Azərbaycandakı prezident seçkiləri beynəlxalq aləmdə də böyük marağa səbəb olub. Elə xarici və yerli müşahidəçilərin sayının 30 minə çatması beynəlxalq ictimaiyyətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağının göstəricisidir. Məhz onlardan 4072 nəfər ölkə üzrə, 25 292 nəfər dairələr üzrə qeydə alınıb, 697 nəfər isə beynəlxalq müşahidəçidir. Bütün faktıları ümumiləşdirməklə, demək olar ki, Azərbaycan sözün həqiqi mənasında, demokratik ölkədir.

Təsadüfi də deyil ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsidir. Seçkiləri hər bir ölkənin mütərəqqi inkişafının, sabit vətəndaş cəmiyyətinin əsası kimi dəyərləndirən Prezident İlham Əliyevin seçki sisteminin təkmilləşdirilməsinə xidmət edən sərəncamları, 2003-cü ilin mayında Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində qəbul olunan Seçki Məcəlləsi və ötən dövr ərzində sənədin təkmilləşdirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan dövləti seçkilərin demokratikliyini təmin etmək üçün xarici müşahidəçilərin qısa və uzunmuddətli missiyaların tərkibində hazırlıq, eyni zamanda, səsvermə prosesini izləmələrinə yaratdığı şərait də atılan addımlar sırasındadır.

Bir sözlə, Azərbaycan hakimiyyəti seçkilərin tam şəkildə demokratik mühitdə və şəffaf keçirilməsində maraqlıdır. Lakin həm bəzi xarici, həm də daxili KİV-lər seçkilərin nəticələrinə əvvəlcədən kölgə salmaq məqsədilə qara piar kampaniyası aparırlar. Məhz bu mənada bəzi xarici KİV-lərin ölkəmizdə keçirilən prezident seçkilərində təşviqat xarakterli qərəzli materiallar verməsi ətrafında müzakirələrin aparılması, Mərkəzi Seçki Komissiyası yanında fəaliyyət göstərən Mətbuat Qrupunun bəyanatla çıxış etməsi, təbii ki, səbəbsiz deyil.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin sözlərilə desək, ABŞ Konqresi tərəfindən maliyyələşən "Azadlıq" və "Amerikanın səsi" radiolarının açıq şəkildə Seçki Məcəlləsinin və demokratiyanın tələblərini pozaraq prezidentliyə namizədlərdən birinin - "Milli Şura"nın "vahid namizəd"i Cəmil Həsənlinin təbliğat-təşviqatında fəal iştirak etməsi narazılıq doğurmaya bilməz: "Təbii ki, burada məqsəd açıq şəkildə özünü büruzə verir. Seçki Məcəlləsində bu maddə öz əksini tapıb ki, xarici dövlətlər və xarici hüquqi şəxslər namizədlərə hər hansı formada maddi və mənəvi yardım edə bilməzlər. Mərkəzi Seçki Komissiyası yanında fəaliyyət göstərən Mətbuat Qrupunun bəyanatında da bu reallıq öz əksini tapır ki, bəzi xarici KİV-lər seçki qanunvericiliyinin tələblərinə məhəl qoymadan, bir çox halda onu kobud şəkildə pozaraq, seçki prosesini işıqlandırmaq adı altında qanunsuz təşviqat və əks-təbliğat aparır ki, bununla da siyasi maraqların təmsilçisi statusunda çıxış etməklə, seçicilərin obyektiv, ədalətli məlumat almaq hüququnu pozur, ölkənin daxili siyasətinə və qanunlarına müdaxilə etmiş olurlar. "Azadlıq" və "Amerikanın səsi" radiolarının bu istiqamətdə fəaliyyəti diqqətdən kənarda qalmır. Onların bu "xidmətləri"nin arxasında qaranlıq məqamların gizləndiyi inkaredilməzdir. "Azadlıq" radiosunun internet səhifəsində bu radionun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyinin və təbliğat aparmamaq öhdəliyinin qeyd olunması söylənilənlərin təsdiqidir. "Azadlıq radiosu TV", "Amerikanın səsi" və BBC radiostansiyalarının qeyri-etik və qeyri-qanuni təbliğata yol vermələri demokratiyanın şərtlərinin pozulmasıdır və belə hallar qətiyyətlə pislənilməlidir".

Göründüyü kimi, anti-Azərbaycan dairələri ölkəmizdəki demokratik şəraitdən narahat olduğu üçün seçki prosesinə kənar müdaxilələr etməyə çalışırlar. Bunu isə, birbaşa olaraq, mətbuat vasitəsilə etməyə cəhd göstərirlər. Lakin Azərbaycan xalqının iradəsi ortada olduğundan onların budəfəki cəhdləri də boşa çıxacaq və ölkəmizdə seçkilər hər zaman olduğu kimi şəffaf, demokratik və azad şəkildə baş tutacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər