PDF Oxu

Sosial

  • 38

MODERNİZƏ OLUNMUŞ BÖYÜK İPƏK YOLU...

MODERNİZƏ OLUNMUŞ BÖYÜK İPƏK YOLU...

İllərdir dillərdə dastan olan Böyük İpək Yolu yenidən tarixə qayıdır. Özü də modernizə olunmuş formada. Bu, böyük bir layihə olan Bakı-Tibilisi-Qars dəmiryolu xəttidir. Sözügedən dəmir yolu xətti Azərbaycandan Türkiyəyədək, Türkiyədən Gürcüstana qədər uzanır.

Qeyd edək ki, dəmiryolu xəttinin təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Nəzərinizə çatdıraq ki, dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edə biləcək. Dəmiryolunun istifadəyə verilməsi ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.

Qeyd edək ki, sözügedən dəmiryolu əsasən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin böyük səyləri nəticəsində ərsəyə gəlmək üzrədir. Prezidentin tapşırığı ilə bu layihəyə 80 milyon manat pul ayrılıb. Eyni zamanda, neft fondundan 100 milyon dollarlıq vəsait layihənin reallaşdırılmasına yönəldilib. Müvafiq rəqəmlərin təsdiqlənməsi haqda xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi.

Eyni zamanda, nəqliyyat naziri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üçün xərclərin artacağının da gözlənildiyini vurğulamışdı. Bu gün isə təməli üç il öncə atılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin 60 faizi tamamlanıb. Belə ki, hazırda Türkiyə ilə Gürcüstan sərhədində ümumi uzunluğu 3 kilometr olan tunel tikilir. Maliyyə dəyəri isə təxminən 325 milyon dollar olan tunelin inşaat işləri davam edir. Həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan bu dəmiryolunun reallaşdırılmasında olduqca maraqlıdır. Bu üzdən də vaxtaşırı hər üç ölkənin dövlət adamları tərəfindən həmin layihəyə nəzarət olunur. Ötən gün Türkiyə millət vəkili Əhməd Arslan tikinti sahəsinə baş çəkib və dəmiryolu layihəsinin tikintisinin gedişatı ilə maraqlanıb. Deputat öz çıxışında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin plan üzrə uğurla həyata keçirildiyini bildirmişdi.

Bu layihə vasitəsi ilə Çindən Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər dəmir yolu xəttinin uzanması bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Ümumiyyətlə, bu layihə dünya ölkələri tərəfindən böyük marağa səbəb olub. Hər kəs Bakı-Tbilisi-Qars dəmiryolunu tarixən hələ də böyük əhəmiyyət kəsb edən Böyük İpək Yolunun modernizə olunmuş versiyası adlandırır.

Ülkər Musazadə

Digər xəbərlər