PDF Oxu

Sosial

  • 53

“Dünya azərbaycanlılarının həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir

“Dünya azərbaycanlılarının həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Dekabrın 28-də "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin ofisində "Dünya azərbaycanlılarının həmrəyliyi: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, "dəyirmi masa"da iştirak edən AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Əkrəm Rəhimli "Güney Azərbaycanda "21 Azər" hərəkatı" mövzusunda məruzə ilə çıxış edərək 1945-ci ildə Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə qurulan milli hökumətin fəaliyyəti barədə məlumat vermiş, milli azadlıq hərəkatının bütün dünya azərbaycanlılarının tarixində böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm "Azərbaycan diasporunun müasir vəziyyəti və həyata keçirilən işlər" mövzusunda məlumat vermişdir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesindən söz açan şöbə müdiri bu işin əsasən 1990-cı illərin əvvəllərinə, yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə təsadüf etdiyini bildirmişdir. Məhz bu dövrdən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmağa başladığını və bu günədək prosesin davam etdiyini qeyd etmişdir.

Elşad Miraləm hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın 370-dən artıq diaspor təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq vurğulamışdır ki, onlar dövlətimizin xarici siyasətinin uğurlu həyata keçirilməsində böyük rola malikdirlər.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) baş katibi Nəcibə Mustafayeva "ASAİF-in diaspor fəaliyyətləri" mövzusunda çıxış etmişdir. Vurğulamışdır ki, dünyanın hər bir guşəsində ölkəmizin tanıdılması üçün keçirilən tədbirləri, diaspor və lobbiçilik fəaliyyətini daim dəstəkləyən ASAİF, həmin tədbirlərin keyfiyyət və məhsuldarlığının artırılması üçün bu gün 40 ölkədə nümayəndələr vasitəsilə təmsil olunmaqdadır.

Tədbirdə iştirakçıların suallarını cavablandıran məruzəçilər mövzu ilə bağlı dəyərli tövsiyələr verərək, hər bir Azərbaycan vətəndaşı üçün həmrəylik gününün nə qədər əhəmiyyətli olduğunu bildirmişlər.

AzərTAc

Digər xəbərlər