PDF Oxu

Sosial

  • 7

Ocağın odlu olsun, Azərbaycan!

Ocağın odlu olsun, Azərbaycan!

Bu gün yaşamaq, yaratmaq və təmizlik rəmzi olan "Od çərşənbəsidir"

Halallıq, təmizlik və saflıq rəmzi olan Novruz xalqımızın qədim bayramlarından biri kimi yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - Su, Od, Yel və Torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.

Novruza bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, həyatının varlığı üçün vacib olan ünsürdən birinə Od, Torpaq, Su və Yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Belə ki, əski inanclara görə, ilk çərşənbə Su çərşənbəsidir. Bu dörd ünsürün içərisində ən tez oyananı Sudur. Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. İnsanlar sübh tezdən su üstünə gedir, suda əl-üzlərini yuyur, arzu və istəklərini suya söyləyirlər. Xalq arasında "külək oyadan", "küləkli" çərşənbə kimi tanınan yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində insanlar evlərdə təmizlik işləri görür, yorğan-döşək havaya çıxarılır, evlər təmizlənir, palazlar, xalçalar çırpılır və pəncərələr silinir.

Torpaq, Yer və ya İlaxır çərşənbədə isə artıq torpaq oyanır və məhsulun yetişməsi üçün onda lazımi temperatur yaranmış olur. Su, Torpaq, Od - təbiətdə nə varsa hamısı hərəkətə gəlir. Bütün bunlar baharın gəlişinə işarədir. Həmin gün, nəhayət, torpaq oyanır. Bu zaman insanlar torpağa daha çox can atır. Çünki insanın ruzisi torpaqdan çıxır, o, torpaqdan yaranıb, son məqamda da torpağa qarışır.

Bu gün Novruz bayramı ərəfəsində keçirilən Od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş insanlara sevinc gətirdiyi kimi, Od da sonsuz fərəh və nikbinlik gətirir. Od, ocaq, atəş müqəddəs sayılır. Od - yaşamaq - yaratmaq rəmzidir. Qədim zamanlardan od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.

Atəşpərəst etiqadlarına görə, "Müqəddəs Od"u insana ağac vermişdi. Ulu babalarımız bunun şərəfinə şənliklər keçirərdilər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunurdu. Elə bu istiliyi qoruyub saxlamaq şərəfinə şənliklər yaranmışdı. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunurdu. Onu çağıran Qodu nəğmələri xalq arasında geniş yayılar, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənirdi.

Vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi bütün zamanlarda danılmaz olub. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsinə nişanə idi. Həmçinin tonqal haqqında ümumi məlumatlara "Kitabi-Dədə Qorqud" kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. "Odu su ilə söndürmək olmaz", "Od çərşəbəsində ocağı boş qoymazlar", "Od imandır", "Od düşdüyü yeri yandırar" və s.

İndi şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanırlar. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s. Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər