1941-1945-ci illər müharibəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə veteranlar adından çıxış etmək üçün söz həmişə ona veriləndə hər kəlməsinə, hər fikrinə diqqət kəsilərdim. Bu yaşda yaddaşına söykənib keçdiyi ömür yolundan söhbət açan, xatirələrini bölüşən, fikrini bəlağətli bir şəkildə qarşısındakına çatdırmaq bacarığını hər birimizə örnək bir şəkildə sərgiləyən Museyib müəlllim haqqında yazmaq üçün günlərin birində, bəlkə də təsadüf idi, onun doğum günündə qapılarını döydüm. Qapını özü açdı, hətta təəccübləndi də. Gəlişimin səbəbini deyəndə bir anlıq xəyala daldı. Kimləri, nələri xatırladı, Allah bilir: "Bala, müharibəni, qanı-qadanı xatırlamaq nə qədər ağır olsa da istəyirəm ki, sənə igid oğul və qızlarımızın qəhrəmanlıqlarından söhbət açım. 1941-1945-ci illər müharibəsi o dövr üçün əsil fəlakət idi. Dünyanın bir nömrəli düşməni olan Hitlerə qarşı "Biz sülhə səs veririk" deyən bütün insanlar birləşib birgə mübarizə aparırdı. Müharibə bizdən də yan ötmədi. Qara yellər bizim də başımızın üstündən əsib çox ailənin çırağını söndürdü. O müharibədə təkcə silahlar, toplar-tüfənglər döyüşmədi, həm də analarımızın, bacılarımızın göylərə doğru açılan əlləri, duaları döyüşdü. Gözlərinin nurunu yun corablar, əlcəklər toxuyub, ürəyinin istisini ön cəbhəyə göndərənlərin sevgisi bizi qələbədən-qələbəyə qanadlandırırdı. Arxa cəbhəyə arxayın olmasaydıq, ön cəbhədə döyüşə bilməzdik".
Onun alın qırışları sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda döyüş səhnələrini, mərmi partlayışlarını, can verən dostlarının son anlarını aydınca görmək olar. Titrəyən, şair demiş "külüng tutan, kösöy tutan, silah tutan" tunc rəngli dəmir əllərində vətənimizin xəritəsinə bənzəyən damarlar 100-ü haqlamağa çalışan bir insan, bir döyüşçü ömründən soraq verir..."
Müseyib İlyasov 1926-cı ildə Qubada doğulub. 1944-cü ildə hərbi xidmətə çağırılaraq Don cəbhəsində 191-ci ehtiyat alaynın tərkibində xidmətə başlayıb. Müharibə başa çatandan sonra hərbi xidməti Sərhəd Qoşunlarında keçib. 1945-ci ilin may-oktyabr aylarında Kiçik Komandirlər Məktəbində təhsil alıb. 1950-ci ildə ordu sıralarından tərxis olunub. 1951-1955-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Xaçmaz şöbəsində əməliyyat işində xidmətini davam etdirib və taleyini milislə bağlayıb. Moskvada Ali Milis Məktəbini bitirib. Bir çox şəhər və rayonlarda rəis vəzifəsində qüsursuz xidmət edib. 1975-ci ilin yanvarnda Daxili İşlər Nazilriyinin Mərkəzi Aparatına təyinat alıb. Əvvəlcə qərargah rəisinin müavini və 1978-1988-ci illərdə qərargah rəisi və nazir müavini vəzifələrində çalışıb. 1990-ci ilin fevral ayında milis polkovniki rütbəsində təqaüdə çıxıb. Onun adı gələndə tanıyan hər kəs razılıq hissi ilə baş əyir, xoş xatirələr söyləyirlər. Mən bunun çox şahidi olmuşam. Haqqında çox yazmaq, çox danışmaq olar ağsaqqal həmkarımızın. Bu gün uğurlu xidmət yolunu oğlu və nəvəsi davam etdirir, ona başucalığı gətirirlər.
Hafiz Təmirov,polis kapitanı