PDF Oxu

Sosial

  • 20

Kəlbəcərin işğalından 22 il ötür

Kəlbəcərin işğalından 22 il ötür

İşğal nəticəsində 53 340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin 22 ili tamam olur. Erməni qüvvələri 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işğalı etmişdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Bu gün rəsmi Yerevanın yürütdüyü işğalçı siyasət nəticəsində Azərbaycanın bir milyona yaxın vətəndaşının hüquqları pozulub, onlar qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan bizim ərazimizin 20 faizini işğal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlını öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyasəti aparmışdır və bu gün də beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerinə yetirmək istəmir: "BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerinə yetirilməmişdir".

Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. 1993-cü il aprelin 1-dən 2-nə keçən gecə işğal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağıdıldı, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salındı. Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

1992-ci ilin may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranan hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını alt-üst etdi və hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini dövlət səviyyəsində təşkil etmək adı ilə, əslində, rayonun müdafiə sistemini dağıtmağa başladı. Orduda siyasiləşmə, yerli döyüşçülərin və könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Onu da qeyd edək ki, Kəlbəcərin işğalına qədər ilk böyükmiqyaslı faciə-Ağdaban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Qeyd edək ki, Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı hadisələrindən biri-günahsız qocaların, körpə və qadınların güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, tarixi-memarlıq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyarətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi idi. Kəlbəcərin işğalının tam əsası isə 1993-cü il mart ayının 26-dan qoyuldu. Belə ki, ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çıraqlı kəndlərini yandırdılar, Kəlbəcər-Tərtər magistralını bağlamağa cəhd göstərdilər. Basarkeçərlə Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün düşmən 15-20 gün öncədən hazırlıq işləri aparırmış. Rayon sakinlərinin bildirdiyinə görə, əhaliyə heç bir köməyin edilməməsi, AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi, əslində, xəyanəti, satqınlığı Kəlbəcəri məhv etdi...

Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ümummilli Liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyil: "Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi".

Beləliklə, işğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasını göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü səbrsizliklə gözləyirlər.

R.HÜSEYNOVA

Digər xəbərlər