Bakıda 4-cü dəfə keçirilən "B2B Luxury & MICE Workshop" ikitərəfli əlaqələrin də genişlənməsinə gətirib çıxaracaq
Dünən "Fairmont Baku" mehmanxanasında Böyük Britaniyanın "TMİ Consultancy" şirkəti və yerli azərbaycanlı mütəxəssisləri ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm biznesinin professionalları üçün "B2B Luxury & MICE Workshop" işgüzar görüşü keçirildi. Növbəti "B2B Luxury & MICE Workshop"un sponsorları İspaniyanın "Costa del Sol" turizm təşkilatı və İsveçrənin turizm ofisidir.
Tədbirdə Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq otellər şəbəkələrinin, bir sıra xarici dövlətlərin turizm ofisləri və turoperatorların nümayəndələri iştirak edirdilər.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Bəxtiyar Qılıcov tədbir barədə məlumat verərək bildirdi ki, sayca dördüncü dəfə reallaşan görüş ölkəmizdə turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması, eyni zamanda xarici turizm şirkətlərinin Azərbaycan turizm bazarına marağının artırılması, ölkəmizə xarici turistləri cəlb edilməsi məqsədilə təşkil olunub. O bildirdi ki, görüşdə iştirak edən xarici nümayəndələrin sayı iki dəfə artaraq 40-a çatıb:"Onlar bu tədbirdə təmsil etdikləri turizm şirkətlərinin imkanlarını təqdim edəcəklər. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artır. Bu işgüzar görüşün keçirilməsi yerli vətəndaşlarımıza xarici lüks otellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradacaq. Belə bir tədbirin Bakıda keçirilməsi yerli turizm şirkətləri üçün böyük əhəmiyyət kəsb edir".
B.Qılıcov bildirib ki, bu, eyni zamanda ikitərəfli əlaqələrin də genişlənməsi və Azərbaycan turizm biznesinin inkişafına gətirib çıxaracaqdır. İşgüzar görüşdə "Azərbaycanın səyahət turizm bazarına ümumi baxış", "Onlayn səyahətin inkişafı və istiqamətləri", İspaniyanın "Costa del Sol" turizm təşkilatının təqdimatları oldu. Qeyd edək ki, İsveçrədən bu tədbirdə 14 turizm şirkəti, hotellər və tibbi mərkəzlər iştirak edirdi.
İspaniya da bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunurdu. Bunun da başlıca səbəbi 2015-ci ilin yay turizm mövsümündə Bakı-Barselona birbaşa reysinin açılmasıdır. Tədbirdə bu ölkənin turizm təşkilatları, Kataloniya, Kosta del Sol və Barselona bölgələrinin turizm şirkətləri iştirak edirdilər. Bu şirkətlər arasında İspaniyanın ən böyük turoperatoru olan "Terramar Group i Viajes Ancodes", Madridin ən yaxşı hoteli "Villa Magna" və tanınmış ticarət mərkəzi olan "El Corte İngles" də var.
Bundan başqa, builki "B2B Luxury & MICE Workshop"da "Relais & Chateaux" beynəlxalq hotellər şəbəkəsi, Özbəkistanın "Dolores Travel", Monteneqronun yeni 5 ulduzlu "Regent Porto Montenegro", İtaliyanın "Boscolo Hotels" hotel qrupu və "Relais San Maurizio" hoteli də ilk dəfə olaraq təmsil olunub.
NƏZAKƏT