"Bakı-2015" bu yay 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunlarının dünya ölkələrində nümayiş olunması məqsədi ilə yeni sazişlərə imza atıb. Belə ki, Avropa və Mərkəzi Asiyada Oyunların nümayişi təmin ediləcək. "Bakı-2015"in məlumatına istinadən NOS - Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olan və ödənişsiz ictimai yayım şirkəti, "DIGISport" kanalı ilə birlikdə Çexiya televiziyası da Çexiya Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək. ORF - Avstriyanın ictimai yayım şirkəti oyunların eksklüziv yayım hüququna malikdir və ORF Sport Plus kanalı vasitəsilə hər gün oyunların əsas məqamlarından ibarət 60 dəqiqəlik veriliş təqdim edəcək.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dünyada Londonda məşhur "Dorchester" otelində "Bakı-2015" Avropa Oyunlarının şərəfinə keçirilmiş möhtəşəm gecədə bu və ya digər yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat vermişdir. O bildirib ki, son bağlanmış televiziya sazişləri, bu yay Bakıda gerçəkləşdiriləcək "Bakı-2015" Avropa Oyunlarına Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir:"Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində oyunları cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir".
"Bakı-2015" tərəfindən bağlanmış bu son sazişlər sayəsində yarışlar Avropanın bütün guşələrində və bütün dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq-Konq, Hindistan, Latın Amerikası və Ərəb dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.
Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti Andre Bolhis görüşdə diqqətə çatdırıb ki, NOS-un Birinci Avropa Oyunlarını yayımlayacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri holland idmanı üçün möhtəşəm xəbərdir: "Hollandlar idmanı sevirlər və "Bakı-2015" Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndir".
NƏZAKƏT