YAP İsmayıllı rayon təşkilatının şəhər 5 saylı tam orta məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir: "Müharibə illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümayiş etdiriblər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz bir yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazıblar. 50 milyon insan itkisinə səbəb olan bu müharibədə 300 min nəfər azərbaycanlı həyatını qurban verib".
Nitqinə davam edən Ə.Vahabzadə respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlanıb. Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər: "Yalnız bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi. Alman faşizmi məğlub edilsə də, erməni faşizmi hələ də öz çirkin əməllərini davam etdirir. 1945-ci ildə alman faşizmi üzərində qələbənin qazanılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq. İkinci Dünya müharibəsindəki sələflərindən heç də fəqlənməyən Azərbaycan Ordusu bu gün öz texniki təchizatına, döyüş nizamına, müasir döyüş texnikasından istifadə bacarığına və döyüş ruhuna görə Qafqazın ən güclü ordusudur. Ordumuz Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin əmriylə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir və biz inanırıq ki, tezliklə bu ya sülh yolu, ya da hərb yolu ilə baş verəcək".
Tədbirdə Elçin Məmmədov, Ramiz Baloğlanov, Bəxtiyar Fərəcov və başqaları çıxış edərək qeyd ediblər ki, ölkəmizdə 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulur, dövlətin müharibə veteranlarına diqqət və qayğısı yüksək səviyyədədir. Qeyd olunub ki, tezliklə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qətiyyəti və əzmkar siyasəti nəticəsində vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı düşmən tapdağından azad olunacaq və bu tarix Böyük Qələbə Günü kimi Şuşada, Xankəndidə və bütün Qarabağda qeyd olunacaq.
ZÜMRÜD