PDF Oxu

Sosial

  • 10

Bakı növbəti qitə miqyaslı beynəlxalq tədbir ərəfəsində

Bakı növbəti qitə miqyaslı beynəlxalq tədbir ərəfəsində

"Bakı-2015" Birinci Avropa Oyunları idman dünyasında əlamətdar və mötəbər hadisəyə çevriləcək

"Bakı-2015" ilk Avropa Oyunlarına saylı günlər qaldıqca həyəcan, məsuliyyət daha da artır. Dünya ictimaiyyətinin diqqətinin Azərbaycanda olduğu zamanda görülən istənilən bir iş, hazırlıq prosesinin yüksək şəkildə həyata keçirilməsi hər kəsi, daha dəqiq desək, Azərbaycansevərləri sevindirir. Bu möhtəşəm oyunlar gələcəkdə keçiriləcək Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyi üçün ölkəmiz daha ağır və məsuliyyətli işin icrasını həyata keçirir.

Bu gün dünya mətbuatında Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalələrinin dərc edilməsi, videoçarxların təqdimi dünya mətbuatının ölkəmizə, oyunların təşkilinə olan marağın təzahürüdür. Belə ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Britaniyanın "The Guardian" qəzetində, Fransada gündəlik nəşr olunan nüfuzlu "Le Parisien" qəzetində və onlarla belə nüfuzlu mətbuat orqanlarında "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən məqalələr dərc olunub. Hər bir yazıda Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüf olmadığı, Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olması göstərilir. Digər tərəfdən isə Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərlə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini dəstəkləyən amillər olması diqqətə çəkilir. Əlbəttə ki, bunlar Azərbaycan gerçəklikləridir ki, dinindən və irqindən asılı olmayaraq qələm sahibləri bu həqiqətləri işıqlandırırlar. Avropa Oyunlarında 6 mindən çox atletin idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları, idmançılar üçün nəzərdə tutulan Atletlər Kəndində hər cür şəraitin yaradıldığı vurğulanır. Prezident Cənab İlham Əliyevin idmanın inkişafına yüksək diqqət və qayğı göstərməsi, ilk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırma imkanı baxımından əhəmiyyəti də diqqətdən kənarda qalmır.

Bu məqalələrin davamı olaraq bu günlərdə də silsilə məqalələr dünya mətbuatında oxucuların diqqətinə çatdırılır. Bu günlərdə RF Federal Məclisinin mətbu orqanı olan "Parlamentskaya qazeta" nəşrində "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr edilmiş "Olimpiya Bakısının rekordları" sərlövhəli məqalə, Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşmış "Host News Traveller", "Daily Web", "Pulso Turistico", "Norte en Linea" xəbər portallarında, habelə "Telam" milli xəbərlər agentliyinin və "Clarin" qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı məqalələrin, Mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi və Xəzər regionu üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran "Hazar World" jurnalının may nömrəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının işıqlandırılması, sözsüz ki, ölkəmizdə keçiriləcək oyunlara marağın günü-gündən artmasının bir göstəricisidir.

Bu və digər məqalələrdə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın qazandığı uğurların qanunauyğun nəticəsi olduğu diqqət çəkilir. Avropa Oyunların ölkəmizdə təşkilinə ayrılan vaxtın 27 ay müəyyənləşdirilməsə irimiqyaslı və tarixdə ilk belə idman layihəsini həyata keçirmək üçün olduqca kiçik müddətdir. Məlumdur ki, Olimpiya Oyunlarına hazırlaşmaq üçün onu qəbul edən ölkəyə adətən azı yeddi il vaxt verilir. Belə qısa müddətdə sürətlə çalışan Azərbaycanın görüdüyü işlər kənarda daha aydın görünür. "Parlamentskaya qazeta" yazır ki, bu gün Azərbaycan bütün idmançıları, rəsmi və qeyri-rəsmi qonaqları ən rahat yaşayış şəraiti və mükəmməl idman strukturu ilə təmin etməyə hazırdır. Müəllif çox səmimi şəkildə etiraf edir ki, ilk günlər bir çox ekspertlər bu möhtəşəm layihənin həqiqətən həyata keçiriləcəyinə şübhə ilə yanaşıblar. Özü də təkcə vaxt qıtlığı səbəbindən deyil.

"Hələlik idman dünyasında lazımi informasiya dəstəyi olmayan və əhəmiyyət kəsb etməyən bu oyunları öz üzərinə götürməyə hətta Avropa İttifaqının üzvü olan çox az sayda ölkə cəsarət edərdi. Bakı özündə bu cəsarəti tapdı" - yazan müəllif Bakıda inşa edilmiş və təmir olunmuş iri idman obyektləri barədə məlumatları da oxucusuna təqdim edir. O yazır ki, bütün obyektiv çətinliklərə baxmayaraq, Azərbaycan ən yüksək səviyyədə hazırlaşa bildi və bu, dövlət başçısı Cənab İlham Əliyevin sarsılmaz iradəsi sayəsində mümkün oldu. Olimpiya Oyunlarının bu yeni formasını ilk dəfə təşkil edən bir ölkə kimi Azərbaycanın qarşısında duran əsas məsələ bu oyunlara lazımi stimul verməkdir. Oyunlar azarkeşlər üçün yaddaqalan olmalı, idman dünyasında əlamətdar və mötəbər hadisəyə çevrilməlidir.

Qəzetdə Birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin Sədri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın bu vəzifənin həyata keçirilməsində rolunun son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılır. "Heydər Əliyev Fondunun prezidenti vəzifəsində göstərdiyi rəhbərlik istedadı, işləmək əzmi, müasir dünya mədəniyyətinə dair dərin bilikləri, incə zövqü daim diqqət tələb edən çox möhtəşəm vəzifələrin həllində lap yerinə düşüb" -yazan müəllif Mehriban Əliyevanın məsləkdaşları ilə birlikdə Azərbaycanın klassik memarlıq ənənələrinin ultramüasir arxitektura dizaynı nümunələri ilə sintezinə dair orijinal layihələr həyata keçirə bildiyini vurğulayıb.

Argentinanın qeyd etdiymiz xəbər portallarında, eləcə də qəzetlərində "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı məqalələrdə birinci Avropa Oyunları, bu oyunlar çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir. Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söhbət açılır. Dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına böyük sərmayələr yatırıldığı qeyd olunur.

"Hazar World" jurnalının may nömrəsində dərc olunan məqalədə iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur. Jurnalda dərc edilən "Bakı-ilk Avropa Oyunlarına geriyə sayım başladı" sərlövhəli məqalədə bu mötəbər idman yarışı barədə geniş məlumat verilir. Bildirilir ki, Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsi ilə başlayan qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmə ənənəsi bu il ilk dəfə keçiriləcək "Bakı-2015" birinci Avropa Oyunları ilə davam edir.

Birinci Avropa Oyunları Azərbaycanın nəinki qitədə, o cümlədən bütün dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir. Oyunların televiziya ilə dünya miqyasında yayımlanması ilə yanaşı, minlərlə əcnəbinin Bakıya tamaşaçı olaraq gəlməsi də Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər