PDF Oxu

Sosial

  • 8

Bakı beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkandır

Bakı beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkandır

Sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişdiyi məkanda yerləşən Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq öz töhfələrini verir. Bir-birinin ardınca təşkil edilən müxtəlif məzmunlu tədbirlərə ev sahibliyi edən ölkəmiz əsrlərdir ki, dinlər və etnik qrupların nümayəndələri ilə birlikdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycan sözün əsl mənasında multikulturalizm mərkəzinə çevrilmiş məkandır. Bu, dinamik inkişafı, coğrafi, memarlıq baxımından maraq doğuran paytaxt Bakıda keçirilən beynəlxalq tədbir iştirakçıların diqqətindən kənarda qalmır.

Bildiyimiz kimi, bu günlərdə beynəlxalq tədbirlərin davamı olaraq paytaxtımızda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Üçüncü dəfə paytaxtızda keçirilən bu qlobal forumda yüzdən artıq dövlətin nümayəndələri iştirak edirdi. Forumda dünyanı narahat edən məsələlər müzakirə edildi və mənfi istiqamətdə cərəyan edən meyillərin aradan qaldırılmasında ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün görülməli işlər müzakirəyə çıxarıldı.

"Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzuzunda təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin Avropa məsələləri üzrə jurnalisti Şöhrət Arifin bu tədbir ətrafında dərc etdirdiyi məqalədə forumun əhəmiyyətini vurğulayır, rəsmi açılışda nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə geniş yer verilir. Məqalədə Azərbaycanın hər zaman xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışdığı diqqətə çatdırılır. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Cənab İlham Əliyev gərginliyin və nifrətin azaldılmasının beynəlxalq gündəmin ən mühüm məsələlərindən bir olduğunu diqqətə çatdırıb:"Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik".

Müəllif forumda mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün dəyərli fikirlər səsləndiyini vurğulayır. Mədəniyyətlərarası dialoqun, dini, milli dözümlülüyün və tolerantlıq məsələlərinin müzakirə edilməsinin önəmini qeyd edir.

Yazıda Cənab İlham Əliyevin çıxışına istinadla Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyi, əsrlər boyu bütün mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələrinin ölkədə sülh və ləyaqət şəraitində bir ailə kimi yaşadıqları diqqətə çatdırılır. Forumda Cənab İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi məqsədilə müxtəlif beynəlxalq tədbirlər keçirilməsinə və müsbət meyillərin güclənməsi üçün dünyada belə açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac olduğu vurğulanır.

Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynadığını bildirən dövlət başçısı Azərbaycanın müsəlman dünyasına mənsub olan ölkə olduğunu və etnik və mədəni özünəməxsusluğumuz ilə seçildiyini bildirib. Bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmin mərkəzi olaraq seçilir və dünya mətbuatının, bütövlükdə dünyanın diqqətindədir.

Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilir. Reallıqlar bizə deməyə əsas verir ki, müasir dünyada Bakının adı mühüm məsələlərin müzakirə olunduğu məkan kimi hallanır.

NƏZAKƏT

Digər xəbərlər