PDF Oxu

Sosial

  • 15

"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

(Əvvəli ötən sayımızda)

Əlbəttə, mənim üçün əlimizin altında olan bu kitab haqqında fəsilləri üzrə yazmaq və bu fəsillərin nədən bəhs etdiyini göstərmək daha asan olardı. Mən bundan vaz keçdim. Belə möhtəşəm bir kitabı fəsillərə bölmək günah olardı.

...Maraqlıdır ki, geosiyasi baxışlarda Əli Həsənov tarixə baş vurur, milli dövlətin yaranmasını keçmişdən gələcəyə daşıyır, milli dövlətin yaranması hüdudlarını göstərir, milli dilin təşəkkül tapmasının zamanını çərçivəyə alır: "...Beləliklə, Azərbaycan uzun müddət yadelli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə də, xalq öz milli inkişafını heç zaman dayandırmamış, hətta böyük və fərqli imperiyaların tərkibində belə özünəməxsus maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın nəticəsində Azərbaycanda Avropadan daha əvvəl - XV əsrin sonlarından etibarən yerli səfəvilərin mərkəzləşmiş milli dövlət hərəkatı başlanmışdır" (Yenə orada, s.21).

Əlbəttə, millətin və dövlətin formalaşmasını göstərmək, xüsusilə zamanında göstərmək hər ziyalıya müyəssər olmur.

Bir məsələni də, xüsusilə qeyd etmək istərdim. Tarixin geosiyasətini araşdırmaq istədikdə Əli Həsənov heç nədən çəkinmir; tarixi olduğu kimi yazır. Bu, onun ziyalı bütövlüyüdür, dövlətçi bütövlüyüdür. O düşünmür ki, hansısa qonşumuz bu yazıdan inciyər, ya inciməz. O tarixi olduğu kimi yazır, təhrif edilmiş tariximizə birbaşa meydan oxuyur: "... Xüsusən də I Şah İsmayılın dövründə (1501-24). Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuş və keçmişdə ayrı- ayrı qonşu imperiyalar tərəfindən tutulmuş digər əraziləri geri qaytarmaq uğrunda qanlı müharibələr aparmışdır" (Yenə orada, s.22)...

Buradan aydın görünür ki, Əli Həsənov tarixi dərindən bilir və onu gələcəyə ötürmək istəyir. Heç şübhə etmirəm ki, yazdığı kitabın mükəmməlliyi qədər də ağqoyunluların tarixini bilir. Bir söhbətimizdə mənə demişdi ki, Uzun Həsənin əl-Tehraniyə sifarişini oxumuşam. Oğuzların tarixindən söhbət gedir. "Dədə Qorqud"da yazılan Bayandur xandan söhbət gedir. Elə faktlar danışdı ki, mən-tarixi romanlar yazan bir insan təəccüb içində qaldım. Heç kəsin bilmədiyi sözlər danışdı. Dövlətimizin və millətimizin təşəkkül tapması tarixini mənə göstərdi. Fərəhləndim, bir ziyalımızın bu qədər dərin fikirləşməsinə sevindim, yuxarıda yazdığım kimi müsəlləh əsgər olmasını gördüm. Belə ziyalılarımız olacaqsa, dövlətimiz əbədi yaşayacaq. Çox gözəl yazıb: "...Bu zamandan etibarən çarizm dairələri "Bakı və Azərbaycan" ifadələrini öz istilası altında olan Şimali Azərbaycan torpaqlarına aid edərək, bu torpaqlara rus əyaləti kimi baxmağa başladılar. Belə yanaşma onların Bakıya münasibətində strateji niyyətlərindən xəbər verirdi" (Yenə orada, s.25-26).

Tarix onun ovcunun içindədir. Müasir gənclərdən, alimlərdən fərqli olaraq o tarixi olduğu kimi, dərin və sadə dillə yazır, hətta ona heç bir şərh vermir: "1813-cü il "Gülüstan" və 1828-ci il "Türkmənçay" sülh müqavilələrinin şərtlərinə görə, Şimali Azərbaycan bütövlükdə və Qərbi Azərbaycanın bir hissəsi (İrəvan xanlığının ərazisi və azərbaycanlılar yaşayan Gürcüstanın Borçalı vilayəti-Ə.H). Rusiyanın, Cənubi Azərbaycan bütövlükdə həmin vaxtdan sonra bəzi mənbələrdə artıq İran dövləti kimi təqdim edilən Səfəvilərin, Qərbi Azərbaycanın digər hissəsi, o cümlədən Araz çayının qərb ətrafı Osmanlı imperiyasının tərkibində qaldı... Lakin hətta bölüşdürüləndən sonra Azərbaycan uzun tarixi dövr ərzində bölgənin böyük dövlətləri arasında maraqların toqquşduğu əsas geosiyasi məkan olaraq qaldı və geosiyasi ədəbiyyatda "Şimali Azərbaycan", "Cənubi Azərbaycan", "Qərbi Azərbaycan" ifadələri yarandı (Yenə orada, s.28).

Diqqət yetirin! Müəllif kitabın birinci bölməsində, yəni "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası müasir milli inkişaf siyasətinin əsasları"nda elmi dairələrdə cəsarətlə "Şimali Azərbaycan", "Cənubi Azərbaycan" termini ilə yanaşı "Qərbi Azərbaycan" terminini də işlədir. Bununla da Əli Həsənov Azərbaycan millətinin, daha sonra dövlətinin formalaşmasında tarixi coğrafiyamızı, onun harada və necə təşəkkül tapmasını göstərir. Bütün bunlardan sonra bu tarixi coğrafiyada yaşayan azərbaycanlıların inkişaf tempini göstərərək yazır ki, Cənubi Azərbaycanı öz tərkibində saxlayan İranda və Qərbi Azərbaycanın bir hissəsini özündə birləşdirən Osmanlıda isə Azərbaycan xalqının milli inkişafı ayrıca bir xətt üzrə davam etdirilməli və İranda bu proses şiə məzhəbli ümumislam, Osmanlı ərazisindəsə dil birliyinə söykənən ümumtürk çərçivəsinə salınaraq dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi milli tədris müəssisələri, mətbuat, dini ibadət və mədəniyyət ocaqları yaradılmadı, əksinə onlara qarşı güclü assimilyasiya siyasəti keçirilməyə başlandı.

"Çarizm... azərbaycanlılar üçün bir sıra ciddi geosiyasi problemlərin də təməlini qoydu. İşğal etdiyi əraziləri imperiya ilə daha sıx bağlamaq üçün Cənubi Qafqazın "daha etibarlı ünsürlər"i ilə Azərbaycanın demoqrafik şəraitini dəyişdirməyə başladı. Regiona kənardan ruslar, almanlar, polyaklar, xüsusən ermənilər köçürülməyə başlandı (Bax, səh.29).

Göründüyü kimi cəsarətli fikirlərdir. İran, Rusiya, Gürcüstan və Türkiyə ilə geostrateji dostluğumuz və tərəfdaşlığımızın müasir beynəlxalq sistemdə ən yüksək səviyyədə göstərilməsinə baxmayaraq müəllif tarixi keçmişimizin həqiqətlərini olduğu kimi yazır, etdiyimiz səhvlərdən nəticə çıxarmağın yolunu göstərir. Haqlı olaraq yazır ki, milli-mənəvi və iqtisadi bütövlüyümüz tarixi keçmişimizi bilməyimizdədir.

Daha sonra Əli Həsənov kitabda "yumşaq keçid" edərək Azərbaycanın əsaslı geosiyasi dəyişikliklər etməsindən bəhs edir. O yazır: "İşğalçı müharibələr nəticəsində həyata keçirilən bölüşdürülmə və ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycanın geosiyasi vəziyyətində baş verən ən ciddi dəyişiklik olub, bütün Azərbaycan xalqının taleyinə və gələcək dövlətinin ərazi quruluşuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi "parçala və hökm sür" siyasəti sonralar Cənubi Qafqaz regionunda qan və müharibələr ilə müşaiyət olunan əsaslı geosiyasi dəyişikliklər üçün şərait yaratdı" (Bax, səh.30).

"Yumşaq keçid" yazanda bunu nəzərdə tuturduq. Müəllif "Azərbaycan" terminini coğrafiyadan siyasi terminə çevirməyə başlayır, baxmayaraq ki, özünün də qeyd etdiyi kimi Azərbaycan əsillərin başçılıq etdiyi və ərazisində əksəriyyət azərbaycanlıların da yaşadığı dövlətlərimiz olmuşdur. İndi isə dünya məkanına siyasi terminlər ilə dolu olan "Azərbaycan" sözü daxil olur və onun ətrafında, hətta deyərdim ki, uğrunda geosiyasi, geostrateji, geoiqtisadi mübarizələr başlayır: "... 1917-ci ilin fevral ayında Rusiyada inqilab baş verdi... Rus imperiyasının caynağından qurtulmağa çalışan və qısa müddətdə buna nail olan etnik ərazilərdən biri də XIX əsrdə işğal edilərək bu ölkəyə birləşdirilmiş Cənubi Qafqaz idi (Bax, səh.32).

(Ardı var)

Yunus Oğuz,

"OLAYLAR" qəzetinin baş redaktoru

Digər xəbərlər