Azərbaycan Yazıçılar Birliyi və Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin təşkilatçılığı ilə "Nurlu əməllərin işığında" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin aparıcısı AMEA-nın professoru, "Nurlu əməllərin işığında" kitabının elmi redaktoru Asif Rüstəmli çıxışında Azərbaycanın məşhur 11 milyonçusu sırasında yeri olan Ağa Musa Nağıyevin xeyriyyəçilik əməllərinə nəzər salıb. O, qeyd edib ki, A.M.Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin sədr müavini olan Dilarə Nağıyeva uzun illərdir ki, babası A.M.Nağıyevlə bağlı tədqiqat işləri aparır, onun fəaliyyətinin işıqladırılmasında səylə çalışır. Belə ki, A.Rüstəmli onun "Ömrün səhifələri", "Zamanın sorağında" adlı kitab və monoqrafiyalarının babası Ağa Musa Nağıyevlə bağlı olduğunu və nəşrlərdə müəllifin tədqiqatçı olaraq A.M.Nağıyevin fəaliyyətini üzü çıxarılmasında əhəmiyyətini vurğulayıb:"Bu yaxınlarda isə Dilarə Nağıyevanın işıq üzü görmüş "Nurlu əməllərin işığında" kitabı oxuculara babası ilə bağlı dəyərli məlumatları çatdırmaq baxımından əhəmiyyətlidir. Dilarə xanımın A.M.Nağıyevin mənalı ömür yoluna yenidən müraciət etməsi və onun vətənpərvərlik hisslərindən, humanizmindən və incə, nəcib duyğularından, millətin formalaşmasında xidmətləri olan soykökə ehtiramından və məhəbbətindən irəli gəlir".
Tədbirdə çıxış üçün söz BDU-nun professoru Əsədulla Qurbanova verilib. Professor Bakı milyonçusunun Azərbaycan mədəniyyəti, maarifi, sağlamlığı ilə bağlı gördüyü işləri vurğulayıb, xeyriyyəçinin əməllərinin öz mahiyyyəti etibarilə əvəzsiz olduğunu bildirib: "Öz düşüncəsi, vətənpərvərliyi ilə xalqını gələcəyini düşünən bir insan kimi gördüyü işlər onun işıqlı həyat yolu ilə bağlı açıq təsəvvür yaradır. Neft milyonçusu və xeyriyyəçisinin xalqın istifadəsinə verdiyi binalar milli dirçəlişimizdə iz salmışdır. İlk otel və xəstəxanalar tikdirən xeyriyyəçi olub".
Ə.Qurbanov təqdimatı keçirilən kitabın onun keçdiyi yolu öyrənməkdə əhəmiyyətli vəsait olduğunu diqqətə çatdırıb.
Təqdimat mərasimində çıxış edən kitabın müəllifi Dilarə xanım babası A.M.Nağıyevin keçdiyi ömür yoluna nəzər salıb:"1849-cu ildə Bakının Biləcəri kəndində saman satmaqla məşğul olan Hacı Nağının ailəsində dünyaya göz açan Musa kiçik yaşlarından ağır zəhmətə qatlaşıb hamballıq etmiş və ailəsinə yardımçı olmuşdur. Əlinin qabarının, ayaqlarının döyənəklərinin ağrısından əziyyət çəkərkən o, ağlına da gətirməzdi ki, əkin məqsədilə aldığı kiçik torpaq sahəsində qazdırdığı quyudan su əvəzinə fontan vuran neft onu Bakının ən iri maqnatlarından birinə çevirəcək".
Belə bir ömür yolu taleyinə yazılan A.M.Nağıyevin sonrakı həyatındakı işıqlı yol onun adının milyonçu kimi tarixə həkk etmişdir. Dilarə xanım bəxt, tale, qismət deyilən anlamlara inanmayanları neft milyonçusu Ağa Musa Nağıyevin həyat yoluna nəzər salmağı tövsiyə etdi.
Tədbirdə BDU-un professoru Aida xanım, şair Zakir Ağdamlı, qəzəlxan Gülarə Munis, xeyriyyəçi - müğənni Gülnarə Xəlilova, xeyriyyəçi Gülnarə Əhmədova, AMEA-nın elmi işçisi Ofeliya Nağıyeva və başqaları çıxış edərək xeyriyyəçilik əməlləri ilə tanınan və insanlara layiq olan A.M.Nağıyevin xalqı üçün gördüyü əvəzsiz xidmətlərdən danışaraq, onun ürək genişliyini, təşəbbüskarlığını vurğuladılar.
ZÜMRÜD