Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan təbiəti Bakı məşəlinin işığında" adlı fotosərgi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunları zamanı ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.
ADİU-nun Texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. İlk Avropa Oyunları məşəlinin səyahət etdiyi rayonların təbiət fotolarını əks etdirən sərgi xarici qonaqların böyük marağına səbəb olub.
Paytaxt sakinləri və turistlərə sərgidə nümayiş olunan təbiət əsərləri haqqında ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.
Qeyd edim ki, "Azərbaycan təbiəti Bakı məşəlinin işığında" adlı fotosərgi iyunun 21-nə kimi davam edəcək.
NƏZAKƏT