Dünən Daşkəsən rayon icra hakimiyyətinin və rayonda olan dövlət qulluqçularının iştirakı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbiri keçirilib. Dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Yeni istifadəyə verilmiş rayon icra hakimiyyətinin inzibati binasında davam edən ümumrayon tədbirini Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbir iştirakçılarını 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edərək, dövləti fəaliyyətlərində uğurlar arzulayıb: "Fürsətdən istifadə edərək Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevi və bütün dövlət qulluqçularını təbrik edirəm. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda çalışan dövlət qulluqçuları indi 10-cu dəfədir ki, öz peşə bayramlarını qeyd edirlər".
Dövlət qulluqçularına dövlətimiz tərəfindən həmişə diqqət və qayğı ilə yanaşıldığını deyən Ə.Abıyev onu da vurğuladı ki, bu gün dövlət qulluqçularının yüksək səviyyədə fəaliyyət göstərmələri üçün aidiyyəti üzrə müvafiq qanunvericilik aktları qəbul edilərək hər cür lazımi şərait yaradılıb, onların fəaliyyətləri yüksək qiymətləndirilib: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Daşkəsən rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Səftər oğlu Süleymanov "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunması deyilənlərin məntiqi nəticəsidir".
Ə.Abıyev onu da vurğulayıb ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 175 nəfər dövlət qulluqçusu çalışır və həmin şəxslər rayonun bütün ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edirlər: "Prezident İlham Əliyevin dediyi kimi "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir." Möhtərəm Prezidentimiz həmişə xüsusi qeyd edir ki, mən xalqımın bir nömrəli xidmətçisiyəm. Biz də möhtərəm Prezidentimizin əsgərləri olaraq Onun şəxsi nümunəsindən öyrənməli, xalqa xidmət işimizi günbəgün təkmilləşdirməli və yaxılaşdırmalıyıq".
Tədbirdə Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və başqaları dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluqçularına yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyev Cənablarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə İstanbul şəhərində "Aikido" idman növü üzrə keçirilən imtahan-seminarında 1-ci Dan qara kəmər səviyyəsinə yüksəlmiş Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin məzunu, ADA Universitetinin beynəlxalq əlaqələr fakultəsinin 2-ci kurs tələbəsi Əhəd Süleymanlı dövlət qulluqçularını peşə bayramları ilə bağlı təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə və idmana göstərdiyi böyük diqqət və qayğıya görə bir gənc azərbaycanlı kimi fəxr və sevinc hissləri keçirdiyini bildirib. Ə.Süleymanlı, həmçinin Türkiyənin İstanbul şəhərində "Aikido" idman növü üzrə keçirilən imtahan-seminarında Azərbaycanın "Sakura Aikido" məktəbinin 11 nəfər yetirməsi 17 ölkə arasında əzmkarlıq göstərərək "Dan" səviyyələrinə yiyələndiklərini bildirib. Qeyd edib ki, Türkiyədə Azərbaycan bayrağının yüksəklərdə dalğalandırdığıma görə fəxr duyur və iftixar hissi keçirir.
Sonra tədbir iştirakçıları 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə "N" saylı hərbi hissəyə yola düşüblər. Hərbi bayram tədbirində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Silahlı Qüvvələri Günü münasibətilə əsgərləri təbrik edib, Vətən, torpaq yolunda ayıq-sayıq durmağı arzulayıb: "Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş rühu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur. Biz Azərbaycan Ordusu və əsgəri ilə fəxr edirik, qürur duyuruq. Çünki Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü, ən qüdrətli ordudur. Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni layiqincə yerinə yetirmək üçün siz daim öz peşəkarlığınızı artırmalı, bilik səviyyənizi yüksəltməli, döyüş texnikası və silahla davranma və onlardan istifadə qaydalarını dərindən öyrənməlisiniz. Siz hər an bir-birinizə dost-qardaş, arxa-kömək olaraq düşmən üzərində qələbə çalmaq əzmində olmalısınız. Bu əziz gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan silahdaşlarınızı böyük hörmət və ehtiramla yad edir, onların intiqamını tezliklə alacağınıza əmin olduğumu bildirirəm".
Ə.Abıyev, həmçinin Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin, Korpus komandiri Rövşən Əkbərovun əsgərlərə təbriklərini də çatdırıb. Görüşdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə müdiri Mahir Əhmədov çıxış edərək, əsgər və zabit heyətinə bayram təbriklərini çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyev tərəfindən göndərilən qiymətli hədiyyələri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əsgərlərə təqdim edib. Bayram tədbirində, həmçinin hərbi xidmət keçən əsgər valideynləri də çıxış edərək, yaradılan yaxşı şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Daşkəsən rayon incəsənət ustalarının musiqi nömrələri ilə davam etdirilib.
RƏFİQƏ HÜSEYNOVA