Ermənistanın bugünkü durumu: hakimiyyət haramı, məmur çörəyi və xalqın səfaləti
İyunun 19-dan "Təsisçi parlamenti" və "Erməni Qadınları Cəbhəsi" paytaxt Yerevandakı Azadlıq meydanında fasiləsiz etiraz aksiyasının dairəsi genişlənərək artıq ölkənin ən böyük şəhərlərindən olan Gümrü və Vanadzor şəhərlərində çoxminlik tətil davam etməkdədir. Minlərlə adamı birləşdirən oturaq aksiya iştirakçıları elektrik enerjisinin tariflərinin artırılmasına etiraz olaraq hakimiyyətə iyunun 22-si axşamadək vaxt qoyaraq bildiriblər ki, bir cavab olmadığı halda aksiyaçılar meydandan prezident iqamətgahına yürüş edəcəklərini bəyan ediblər. Ermənistan prezidenti Serj Sarkisyan isə həmişə olduğu kimi, bu dəfə də aksiyaçıların tələbini qulaqardına vuraraq, qərarın dəyişməyəcəyini bildirib. Nəticədə aksiyaçılar Sarkisyanın iqamətgahı qarşısına doğru yürüş ediblər. Nəticədə keçirilən etiraz aksiyasının dəhşətli şəkildə dağıdılması növbəti qarşıdurmalara təkan verib. Mitinqçilərə hücum edən mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusi təyinatlılar insanlara zərbələr endirib, güclü su şırnağından istifadə edilib. Erməni KİV-lərinin məlumatına görə, hadisə zamanı 250 nəfərdən çox aksiya iştirakçıları həbs edilib. Bildirilir ki, hadisə zamanı ölkənin sənət adamları, yazıçılar da amansız təziqlərə məruz qalıblar. Erməni KİV-i məlumat verir ki, həbslər, təzyiqlər hələ də davam edir. Məlumata görə, saxlanılanlar arasında yerli mətbuat nümayəndələri də var. Onların arasında "Qala", "News" internet nəşrləri, "Azadlıq" Radiosunun erməni bürosunun əməkdaşları üstünlük təşkil edir. "Qala"nın əməkdaşı Paylak Faxradyan döyülüb, bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb, polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırıb. Bununla yanaşı, "Epress.am" saytının kameraları qırılıb, bəziləri isə polislər tərəfindən müsadirə edilib.
Sarkisyan başını quma gömən dəvəquşu təki heç nə olmamış kimi davranır
Göründüyü kimi, işğalçı ölkə damğası ilə adlanan Ermənistanda bu gün haqqını tələb edərək küçələrə çıxan insanları təpikləyən, məmurların özbaşınalığından şikayətlənən qadını dəyənəklə vurub yerə sərən, oğlu hərbi hissədə çox müəmmalı şəkildə həlak olan əsgər anasını yumruqlayıb üzüqoylu yıxan hakimiyyətdən nə desən, gözləmək olar. Ermənistan vətəndaşlarının həyat saxtalığından cana gəldiklərini, sosial ədalətsizlikdən, məmur harınlığından, qanunların işləməmsindən, Sarkisyan rejimində yer almış adamların başıpozuqluqlarından bezdiklərini anlayan hakimiyyət təmsilçiləri indi nə edəcək? Belə adamlar 100 min də ola bilər, 10 min də, min də, yüz də, hətta 10 nəfər də. Mühüm olan bu deyil. Əsas məsələ odur ki, erməniləri yaşadıqları ölkədə boğaza yığan, səbr kasalarını daşdıran məqamlar var. Ancaq Serj Sarkisyanın iqtidarı ağıllı, adekvat hakimiyyət olsaydı, suallara cavab verməyə çalışardı. Sarkisyanın ağlı olsaydı, vətəndaşlarla onların problemlərindən danışar - "böyük erməni milləti", "Böyük Ermənistan", dövlətçilik, birlik, vəhdət və bu kimi sarsaq məqamlardan bəhs etməzdi. Həmin məqamlar gurultuludur, patetikdir, amma çürük qoz qədər dəyəri yoxdur. Çünki millət, dövlət və birlik məhz indi küçələrə çıxaraq etiraz etmək istəyən, hakimiyyətdən zinhara gəldiklərini deyən insanlardan, onların fərdi və kollektiv problemlərindən asılıdır. Adekvat, ağıllı hakimiyyət belə vəziyyətdə cəmiyyətin narazılığını konkret işlərlə aşağı salmağa çalışır. Yerevandakı hakimiyyət isə başını quma gömən dəvəquşu təki heç nə olmamış kimi davranır. Nəticəsi də göz qabağında... Haqlarını tələb edən aksiya iştirakçıları Sarkisyan hakimiyyətinin polis əməkdaşları və xüsusi təyinatlılar, məmurları tərəfindən amansız zərbələrə, ağır söyüşlərə məruz qalıblar. Bütün bu təzyiqlərə baxmayaraq, aksiyaçılar bildiriblər ki, Sarkisyan istefa verməyincə heç bir yerə tərpənməyəcəklər.
Özünü "demokratiya və insan hüquqları keşikçiləri" kimi təqdim edən Qərb niyə susur?"
Hələ də özlərini "demokratiya və insan hüquqları keşikçiləri" kimi təqdim edən Qərbin bir sıra təşkilatları daim Azərbaycanda ictimai fəallara "təzyiq", "basqı" haqqında danışan qərəzli xarici təşkilatlar - Qərbin "hüquqsevər" qurumları işğalçı ölkədə cərəyan edən antidemokratik proseslərə reaksiya vermir, münasibət bildirməyə tələsmirlər. Çünki Qərb üçün münaqişələrin həlli, ümumiyyətlə haqq-ədalət, beynəlxalq hüquq və prinsiplər ikinci dərəcəli, subyektiv maraqlar isə ön planda olub. Əgər belə olmasaydı, 20 ildən artıq bir müddətdə mövcud olan tipik separatizm nümunəsi - Dağlıq Qarabağla bağlı da Qərb öz ədalətli mövqeyini ortaya qoyardı. Qərbin separatizm probleminə yanaşmada göstərdiyi mövqe bir daha dünyada ikili standartlar məsələsini aktuallaşdırır. Sual olunur: 20 ildən çoxdur ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistana qarşı niyə sanksiya tətbiq edilmir, ikili standartlar Azərbaycana qarşı tətbiq olunur: "Azərbaycan müsəlman ölkəsi, Türk dövləti olaraq bu cür böyük tədbir keçirir. Dünyada tolerantlığa, dözümlülüyə, mədəniyyətlərarası dialoqa, idman yarışlarına böyük töhfə verilir. İdman yarışları dostluq deməkdir, xalqlar arasında dostluq və əməkdaşlığın, mehribanlığın təzahürüdür. Amma təəssüf ki, idman siyasiləşdirilir. Avropa Parlamenti ədalətlidirsə, Xocalıda törədilən faciə ilə bağlı niyə bir müzakirə aparmır? Qətnamədə bir bənddə toxunulmur ki, azərbaycanlılara qarşı belə bir faciə var. İnsan hüquqlarının ən böyüyü yaşama hüququdur. Azərbaycanlıları ermənilər yaşama hüququndan məhrum edib. Doğma yurdlarından didərgin olunublar, bu məsələyə Avropa Parlamenti nə üçün toxunmur? Bütün bunlar ikili standartların göstəricisidir".
Görünən odur ki, beynəlxalq miqyasda "demokratiya", "insan hüquqlarının müdafiəsi" pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayır. Eləcə də Ermənistanda baş verən etiraz aksiyası zamanı aksiyaçılara göstərilən amansız təziqlərdən də Qərb qurumları, səfirlikləri, diplomatları, yəqin ki, xəbər tutmamış deyil. Belə olduğu halda, "Human Rights Watch", "Transparency İnternational", "Freedom House" kimi qurumlar niyə bu gün öz işğalçı mahiyyətini zərrə qədər dəyişməyən, əvəzində isə separatizmi, terrorçuluğu dövlət səviyyəsində dəstəkləyən Ermənistanda baş verənlərə reaksiya vermir. Bu isə bir daha onu göstərir ki, həmin ikili standart təşkilatları, sadəcə, müəyyən xarici güclərin sifarişləri əsasında fəaliyyət göstərirlər. Bu beynəlxalq güclər isə milli inkişaf yolu tutmuş, onların təsirinə düşməyən dövlətlərə, məsələn, Azərbaycana qarşı qısqanclıqlarını və təzyiqlərini məhz bu cür ikili standart təşkilatları vasitəsilə göstərməyə çalışırlar. Onlar üçün insan haqlarının qorunması, siyasi məhbus probleminin aradan qaldırılması əsas deyil, əsas olan yalnız maraqlarının təmin olunmasıdır. Əgər insan haqlarının qorunmasında maraqlı olsaydılar, Ermənistanda insan haqlarının kütləvi şəkildə tapdalanmasına, həmçinin məhz həmin quldur Ermənistan hakimiyyəti tərəfindən bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının haqlarının vəhşicəsinə pozulmasına qarşı ortaya konkret mövqe qoyardılar...
Nəhayət, nəticə...
Bu da bəllidir ki, Yerevan Rusiyanın təsir zonasındadır və Ukrayna ssenarisi olmasa, Qərbin orada görüləsi bir işi yoxdur. Bir də o da bəllidir ki, belə bir ssenari Ermənistanda tətbiq edilə bilməz. Nəhayət, məntiqi bir nəticə - Qərb nə qədər istəyirsə, ikili standartlar siyasəti aparsın. Hansı ölkə nəyə qadirdir, göz qabağındadır. Azərbaycanda sabitlik və Avropa Oyunları, Ermənistanda isə xaos və anarxiya hökm sürür.
A.SƏMƏDOVA