Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, rəssam Çingiz Fərzəliyevə Avstriya Respublikasının "Böyük Fəxri Ordeni" və Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyevə "Qızıl Fəxri Ordeni"nin təqdimetmə mərasimi keçirildi. İncəsənət xadimlərinə ordenləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex təqdim edib.
Tədbirdə çıxış edən səfir Aksel Vex Çingiz Fərzəliyev və Natiq Əliyevi Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələr, görülən işlərə görə öz hökuməti adından təşəkkürünü bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını söyləyib.
Səfir Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidələrinin ucaldılması iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi olduğunu bildirb. Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və heykəltəraş Natiq Əliyevin rolu vurğulanıb, incəsənət xadimlərinin öz ölkələri və dünya incəsənəti xəzinəsinə verdikləri töhfə yüksək qiymətləndirilib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin himayəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi xüsusi qeyd edilib.
Çingiz Fərzəliyev və Natiq Əliyev Avstriyanın Azərbaycan Respublikasındakı səfiri Aksel Vexin simasında Avstriya Respublikası hökumətinə yüksək diqqət və etimada görə dərin təşəkkürlərini bildiriblər.
ZÜMRÜD