PDF Oxu

Sosial

  • 4

Ermənistan sosial tənəzzül

Ermənistan sosial tənəzzül
Enerji qiyamı su qiyamı ilə əvəz olundu

İyunun 19-dan enerji tariflərini bahalaşmasına etiraz olaraq keçirilən aksiya iyulun 9-dan yeni qalmaqallı hadisə - Yerevanda istifadə olunan suyun qiymətinin artırılması ilə bağlı qiyamla davam etdirilib. Erməni mətbuatının məlumatına görə, suyun qiyməti 2,4 dram (5 sent) artırılması ilə bağlı yeni qərarın bu il avqustun 9-dan qüvvəyə minməsi nəzərdə tutulub. Təbii ki, bu sərsəm fikir vətəndaşların qəzəbinə tuş gəlib. İndi insanlar növbəti aksiyaya hazırlaşırlar.

İrəvan növbəti aksiya ilə üz-üzə

"Talana yox" etiraz aksiyasının təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan deyib ki, hakimiyyətin bu ikibaşlı oyunbazlığı yeni qiyamın başlaması üçün ən yaxşı əsasdır: "İki həftədir elektrik enerjisi qiymətlərinin artımına qarşı xalq fasiləsiz mübarizə aparır, amma, görünən odur ki, bu, Serj Sarkisyanın dəstəsi üçün yaxşı dərs olmadı. İndi ictimaiyyət, əhali növbəti addımı ilə onlara yaxşı dərs verəcək. Əhali anlamalıdır ki, birgə mübarizə halında müəyyən irəliləyişə nail olmaq və müəyyən hərəkətlərin qarşısını almaq mümkündür".

Hazırda Baqramyan prospekti və "Azadlıq" meydanına toplaşanlara qarşı polis yürüşün qanunsuz olduğunu söyləyir. Fəallar etiraz aksiyasını yenidən bərpa edəcəklərini bildiriblər.

S.Sarkisyan isə, haqqını tələb edərək küçələrə çıxan insanları təpikləyən, məmurların özbaşınalığından şikayətlənən qadını dəyənəklə vurub yerə sərən, oğlu hərbi hissədə çox müəmmalı şəkildə həlak olan əsgər anasını yumruqlayıb üzüqoylu yıxmağı əmr verdi. Bir də işğalçı ölkə hakimiyyətindən nə desən, gözləmək olar. Ermənistan vətəndaşlarının sosial ədalətsizlikdən, məmur harınlığından, qanunların işləməmsindən, Sarkisyan rejimində yer almış adamların başıpozuqluqlarından bezdiklərini anlayan hakimiyyət indi nə edəcək? Aksiya iştirakçılarının bir tələbi var - Sarkisyanın istefası.

Sarkisyanın avanturist siyasəti Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoyur

Məsələ ondadır ki Serj Sarkisyan və onun yaxın ətrafi Ermənistanda iqtisadiyyatın bütün sahələrinə total şəkildə nəzarət edirlər. Bəli, müasir dünyada oliqarxiyanın təsiri olmadığı heç bir ölkə yoxdu, amma Ermənistanda ailə oliqarxiya rejimi bütün sərhədləri aşaraq, ölkəni kriminal tərzdə birbaşa qarət edir. Ona görə də Baqramyan prospektindəki etirazçıların "Rədd olsun banda!" çağırışı etməsi çox məntiqlidir. Lakin məntiqli olmayan və kifayət qədər düşündürücü olan bu şüarın ermənicə deyil, ukrayna dilində deyilməsidir.

Ölkədə baş verən hadisələr onu deməyə əsas verir ki, Sarkisyan rejimi tamamilə kənardan idarə olunan, saxta yolla hakimiyyətə gələn bir qrupdur. Məhz bunun nəticəsidir ki, Sarkisyanın apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla, piketlərlə ifadə etməyə məcbur olub. Təbii ki, Ermənistan xalqı öz sözünü deməklə kənardan idarə olunan bu qrupu hakimiyyətdən getməyə təhrik edəcək ki, bu gün də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək.

Daha aydın olsun deyə Sarkisyan hakimiyyətinin fəaliyyətini təhlil etsək çox mətləblər üzə çıxar: 2008-ci ilin 1 mart hadisələri - Ermənistanın "müstəqillik" əldə etdikdən sonra üzləşdiyi çoxlu sayda itkilərlə müşayiət olunan ən qanlı hadisə. 2003-2008-ci illərdəki ikinci prezidentlik dövründə Robert Köçaryan tərəfindən dövlət büdcəsindən 3 milyard ABŞ dolları məbləğində vəsaitin mənimsənilərək talan edilməsi faktı ölkədə böyük rezonans doğursa da, Serj Sarkisyanın bu günədək ölkəyə vurduğu ziyan ictimaiyyətdən gizlədilir. Həmçinin, Sarkisyanın dövlət büdcəsinin talançısı olduğunu sübut edən dəlillərdən biri də onun prezidentliyi dövründə Ermənistanın dövlət büdcəsinin 2,7 milyard ABŞ dolları olduğu halda xarici dövlət borcunun 4,5 milyard ABŞ dollarına, xarici kredit borcunun 158 milyon ABŞ dollarına yüksəlməsi, ölkəyə yatırılan xarici sərmayələrin isə 184,4 milyon ABŞ dollarından 167,7 ABŞ dollarına enməsidir. Digər fakt isə, Sarkisyanın prezidentliyi dövründə Ermənistanda iqtisadi artımının 2,3%-ə qədər azalması, işsizliyin səviyyəsinin isə 35%-ə qədər artması, 2008-2014-cü illər ərzində Ermənistanı ümumilikdə 284 min 300 nəfər tərk etməsidir. Ən vacib faktor Sarkisyanın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan tərəfindən dəfələrlə qeyri-konstruktivlik nümayiş olunduğu üçün durğunluğun yaranmasıdır. Bunun nəticəsində son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artaraq yüzlərlə nəfər təşkil edib.

Beləliklə də, Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulduğunu yuxarıda sadalanan faktlar da bir daha təsdiqləyir.

A.SƏMƏDOVA