PDF Oxu

Sosial

  • 14

Səbail RİH-in başçısı jurnalistləri mükafatlandırdı

Səbail RİH-in başçısı jurnalistləri mükafatlandırdı
Dünən Səbail rayon icra hakimiyyətində Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və 75-dən çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub: "Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində pluralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ulu Öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik olaraq ləğv edilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Onun davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

KİV-lərlə rayon icra hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, son 3 il ərzində 2 dəfə KİVDF ilə birgə "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, hər il Milli Mətbuat Günü ərəfəsində müxtəlif movzularda konfrans, tədbir və görüşlər keçirilib, müsabiqələr vaxtı, həmçinin il ərzində müxtəlif KİV-lərdə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub. RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr ildən ilə daha da möhkəmlənir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə əlaqədar ölkə başçısının Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr, fondun keçirdiyi müsabiqələr və onların yekunu barədə danışıb, jurnalistlər üçün inşa olunan yeni yaşayış binasında işlərin gedişi və istifadəyə veriləcəyi vaxt barədə məlumat verib.

Səbail rayon icra hakimiyyəti informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışı zamanı qeyd edib ki, milli mətbuatımızın yaranması və onun keçmiş olduğu şərəfli və tarixi yol Azərbaycan mətbuatının bugünü və gələcəyi üçün böyük örnəkdir: "Milli mətbuatımızın intibah dövrünün əsas atributu sayılan "Əkinçi" qəzetinin Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında rolu böyükdür. Bu baxımdan da, müstəqilliyə qədər olan dövr Azərbaycanda milli mətbuatın adı ilə bağlıdır. Çünki Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni həmişə böyük şərəflə yerinə yetirməyə çalışıb. Məhz ölkəmiz ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu dövrlərin ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşamaqda idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşırdı".

B.Quliyev doktorluq işi üzərində çalışdığı zaman maraqlı hadisə ilə rastlaşdığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb: "1975-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə "Əkinçi" qəzetinin yaranmasının 100 illiyi qeyd edilib. Bu bir faktdır. Əlbəttə, indiki dövrdə belə tədbirlər keçirmək çox asandır. Sovet hakimiyyəti dövründə milli mətbuatımızın əsasını qoyan "Əkinçi" qəzetinin yubileyini qeyd etmək əsl qəhrəmanlıq və cəsarət tələb edirdi. Bunu yalnız Ulu Öndər Heydər Əliyev edə bilərdi. Təzyiqlərə baxmayaraq Ulu Öndərimiz bütün diqqəti mətbuatımızın yaranma tarixinə yönəldə bildi, ona sayqı göstərərək bizləri də tariximizə hörmətlə yanaşmağın yollarını öyrətdi. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu ənənə müasir mətbuatımıza daha modern formada tətbiq edilir, dövlətin bu sahəyə diqqət və qayğısı genişlənir".

Tədbirdə çıxış edən "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb və Milli Mətbuat Günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Mükafata layiq görülənlər arasında "SƏS" Media Qrupun əməkdaşları da olub.

R.KAMALQIZI