"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramı, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqram"larının qəbul edilməsi ana və uşaqların sağlamlığının qorunması işində dövlət siyasətinin ən vacib istiqamətlərindəndir. Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Respublikamızda həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilib.
Son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə, o cümlədən regionlarda yaradılan 25 mərkəzdə 2600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Son aylarda Astara, İsmayıllı və Tovuz rayonlarında 3 yeni hemodializ mərkəzi açılıb. Əvvəllər insanlar pulsuz dializ üçün hətta həftədə 3 dəfə Bakıya gəlirdisə, indi rayonlarda belə mərkəzlər fəaliyyət göstərir. Artıq əminliklə demək olar ki, bu gün Azərbaycanda hemodializ seansları almağa növbə yoxdur. Bir neçə il öncəyə qədər hemodializli xəstələrin ölümə məhkum insanlar kimi baxılırdısa, hazırda 3000-ə qədər insan dövlət hesabına hemodializ alır. Bir neçə müəssisədə böyrək transplantasiyası əməliyyatları aparılır. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıb.
Talassemiya və hemofiliyalı xəstələrin müalicəsində də müsbət nəticələr əldə edilib. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb. Talassemiya ilə mübarizə sahəsində nikaha daxil olmaq istəyən şəxslərin öncədən tibbi müayinədən keçməsi kimi tədbirləri özündə əks etdirən "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Cənab İlham Əliyev tərəfindən Fərman imzalanıb.
Dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlərin həyata keçirildiyini də vurğulamaq lazımdır. Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənəcək. Məlum olduğu kimi bu məsələ "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdə öz əksini tapıb.
Ölkəmizdə tibb işçilərinin təkmilləşdirilməsi və sertifikasiyalaşdırılması işi də uğurla davam etdirilir. Təkcə 2014-cü ildə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə 631 həkim işə qəbul olunub. Respublikanın bəzi regionlarında orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq yeni yaradılan Cəlilabad, Quba və Saatlı tibb kollecləri 2014/2015-ci tədris ilindən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində həkimlər Avropanın nüfuzlu Universitet klinikalarında səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırırlar. Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Son dövrdə bir sıra ölkələrlə imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişlər çərçivəsində Türkiyə, İtaliya, Belarus, Latviya və Litva tərəfi ilə işçi qruplar səviyyəsində görüşlər keçirilib.
Səhiyyə sahəsində əldə olunan bütün bu və ya digər nailiyyətlərə ölkə başçısının müdrikliyi, möhkəm iradəsi və şəxsi iradəsi nəticəsində nail olunub.
Nəzakət ƏLƏDDİNQIZI