PDF Oxu

Sosial

  • 6

Azərbaycanlılar istirahət üçün hansı ölkələrə üz tuturlar?

Azərbaycanlılar istirahət üçün hansı ölkələrə üz tuturlar?
"Turistlərə 3-5 gün ərzində viza veriləcək"

Prezident İlham Əliyev Nazilər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirələrdə turizm sahəsindəki vəziyyətdən narazılığını bildirib. Ölkə başçısı otel qiymətlərinin yüksək olduğunu diqqətə çatdırıb. Bildirib ki, bununla məşğul olan qurumlar üzərilərinə düşən vəzifəni yerinə yetirməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov "Səs"ə verdiyi açıqlamada bildirdi ki, ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb. Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq onlara elektron vizanın qısa müddət ərzində, yəni 3-5 gün müddətində verilməsi ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanır: "Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan Prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib, Azərbaycan turizminin inkişafına dəstək olaq".

Vətəndaşların istirahət üçün ən çox üz tutduğu ölkələr isə Türkiyə və Gürcüstan, eləcə də Avropa ölkələridir. Burada otel qiymətlərinə nəzər saldıqda Azərbaycanla müqayisədə böyük fərq ortaya çıxır. "SİA" TRAVEL turizm şirkətinin əməkdaşı Nuranə Rəhimli deyir ki, azərbaycanlılar daha çox Türkiyəyə üz tutur. Belə ki, Antalyada 1 nəfər üçün 1 həftəlik tur-paketin qiyməti 859 manat, Bodrumda 1155 manatdır. Gürcüstanda 2 nəfər 350 manat ödəməklə 5 gün istirahət edə bilərlər. Bura gediş-gəliş üçün aviabilet, qarşılanma, yolasalınma, sığorta və otel qiymətləri daxildir. Əlavə xidmətləri çıxsaq, bir nəfərin oteldə 1 həftə istirahəti Türkiyədə 200-300, Gürcüstanda 80-100 manata başa gəlir.

Gürcüstanla 9 gecəlik 3 ulduz oteldə 786 dollar, 4 ulduz oteldə 876 dollar, 5 ulduz oteldə isə 1122 dollara başa gəlir.

Turizm şirkətinin nümayəndəsi aviabiletlərin həddindən artıq baha olduğunu söyləyir. İki nəfərin 1 həftəlik Gürcüstandan Antalyaya gedib-gəlməyi 1500 manatdırsa, bu rəqəm Bakıdan 2500-2600 manatdan çoxdur.

"Aysberq" otelinin nümayəndəsi Nadir Musayev deyir ki, turistlər daha çox üçulduzlu otellərə üstünlük verirlər. Ölkə vətəndaşları dincəlmək üçün əsasən Bakıdan kənara getməyə çalışırlar. Həmçinin, Bakı və ətrafdakı otellərə istirahət etmək üçün daha çox xarici turistlər üz tuturlar. Otel əməkdaşı diqqətə çatdırıb ki, dəniz kənarında yerləşən otellər ancaq yay mövsüm işləyirlər: "Sentyabr ayından maya qədər demək olar ki, iş dayanır. Bizim oteldə qiymətlər turistləri qane edir. Xaricdən daha çox turist gəlir".

Quba rayonunda yerləşən otellərdə qiymətlərin çox da baha olmadığı deyilir. Otel administratoru Cəbrayıl Ağabəyovun söylədiyinə görə ötən illərlə müqayisədə bu il qiymətlər 20% aşağıdır: "Bizim otel Quba rayonunda yerləşir. Otelimiz çox böyük olmadığı üçün gün ərzində 30-35 nəfər gəlib istirahət edir. Bəzi otel nümayəndələri bildiriblər ki, iki nəfərin bir gecə dincəlməsi 30-60 manata başa gəlir. Bura yalnız səhər yeməyi daxildir.

Quba rayonundakı otelin administrator Kamil Vələmmədov isə diqqətə çatdırıb ki, hər bir oteldə müxtəlif qiymətlər qoyulub. Buna baxmayaraq, hər bir otel çalışır ki, müştərilərinə yüksək xidmət göstərsin.

Maraqlıdır ki, obyekt əməkdaşlarının bizə bildirdikləri qiymətlərlə bura dincəlməyə gələn turistlərə təklif edilən qiymət tamamilə fərqlidir.

Zaurə Əmirova