Dünən 22 iyul Milli Mətbuat günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun təbriklərini çatdırıb və Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncama əsasən, Bakıda və regionlarda keçirilən çoxsaylı tədbirlərdən bəhs edib və Həsən bəy Zərdabi ideyalarını və "Əkinçi" ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi" qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, ölkəmizdə siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu söyləyib. Həmçinin, diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Sonra milli mətbuatın 140 illiyi münasibətilə jurnalistlərə mükafatlar təqdim edilib. Mükafat alanlar arasında "SƏS" qəzetinin əməkdaşı da olub.
RƏFİQƏ ŞÜSEYNOVA