PDF Oxu

Sosial

  • 9

Milli-mənəvi dəyərlərin qorunması prosesi uğurla davam etdirilir

Milli-mənəvi dəyərlərin qorunması prosesi uğurla davam etdirilir
Dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 (üç) milyon manat ayrılıb

Müasir dövrümüzdə Azərbaycanın dövlət siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilməsi başlıca prinsipə çevrilib. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirilir, burada mövcud olan münasibətlər bir çox ölkələr üçün nümunədir.

Mədəniyyətlərarası Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan mənəvi dəyərlərə çox böyük qiymət verir. Əgər sovet hakimiyyəti dövründə Azərbaycanda 18 məscid var idisə, bu gün onların sayı 850-ni ötüb. Ölkəmizdə son 12 il ərzində 250-yə yaxın məscidin tikilib, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidi və onlarla belə dini məbədlər təmir-bərpa işlərindən sonra insanların istifadəsinə verilib. Bütün bunlarla yanaşı, paytaxtımızda Qafqazda analoqu olmayan Heydər Məscidinin tikilməsi Azərbaycanda milli dəyərlərə, islami dəyərlərə nə qədər önəm verildiyini göstərir. Azərbaycanda islam mədəniyyətinə, islam dininə olan hörmət, eyni zamanda, bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Belə ki, Azərbaycan dövləti nəinki İslam dininə mənsub olan abidələri, məscidləri tikdirir, bərpa etdirir, eyni zamanda, digər dinlərə mənsub olan məbədləri təmir etdirir, tikdirir. Bu görülən işlər Azərbaycanın humanizm prinsipləri əsasında həyata keçirilir. Belə ki, Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri, paytaxtımızdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işlərinin aparılması fikrimizi əsaslandırır.

Bu günlərdə "Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncam da milli-mənəvi, islami dəyərlərə ayrılan diqqətin daha bir nümunəsidir. Sərəncama əsasən, Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 (üç) milyon manat ayrılıb. Bu, Azərbaycanda quruculuq, abadlıq işlərinin geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərimizə, tarixi, dini abidələrin qorunması, bərpasına ayrılan diqqətdir. Bütün bunlar təsdiq edir ki, Azərbaycan müstəqil ölkə, azad xalq kimi yaşayır, dinamik inkişafa malikdir. Azərbaycanda istənilən bir sahə üzrə proqramlar, icra mexanizmləri mövcuddur ki, bunun da əsasında ölkəmizdə böyük quruculuq, abadlıq işləri aparılır. Böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrdə misli görünməmiş canlanma və inkişaf hökm sürür. Bu gün Azərbaycan təkcə Qafqazda deyil, bütün dünya miqyasında tanınan mühüm dövlətlərdən birinə çevrilib. Görülən işlər və əldə olunan nailiyyətlər Prezident Cənab İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasətin nəticəsidir.

Nəzakət ƏLƏDDİNQIZI