Yeni seçilən İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, iclası parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, "İsrail - Evimizdir" Partiyasının rəhbəri, İsarilin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.
İclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, Azİz-in Baş direktoru Lev Spivak iştirak edib.
Aviqdor Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olması, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrail neftinin 65 faizi Azərbaycandan idxal olunur.
İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.
Knessetin iclasında çıxış edən "Azİz"-in baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə danışıb. L.Spivak Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən də böyük olduğunu qeyd edib. "Azİz" rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma erməni soyqırımının tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.
Lev Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, "soyqırımı" sözündən istifadə olunmasın.
NƏZAKƏT