Bu mövzuda Binəqədi rayonu bələdiyyələri tərəfindən tədbir keçirilib
Dünən Binəqədi rayonu bələdiyyələri tərəfindən Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə "Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq" adlı tədbir keçirildi.
Tədbir başlamazdan öncə Ağdamın işğal olunmasının 22-ci ildönümü bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov tədbir iştirakçılarını salamlarayaq Azərbaycan Milli Mətbuatının 140-cı illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik etdi, onlara fəaliyyətlərində müvəffəqiyyətlər, yaradıcılıq uğurları arzu etdi. Bildirdi ki, bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu - 200-ə yaxın mətbuat işçisi Prezidentin Sərəncamı ilə orden, medal və fəxri adlarla təltif olundu və onlardan bir neçəsi həmin bu tədbirdə iştirak edir. Hümbət Hüseynov vurğuladı ki, dövlət başçısının imzası ilə mükafatlandırılmaq, həm də "Tərəqqi" medalı ilə mükafatlandırılmaq böyük bir şərəfdir.
Hümbət Hüseynov çıxışında onu da qeyd etdi ki, "2014-cü il bələdiyyə seçkiləri həm kəmiyyət, həm keyfiyyət baxımından, eləcə də yeni tərkibdə bələdiyyə üzvlərin mövcud fəaliyyəti ötən illərdə bələdiyyə strukturu ilə bağlı formalaşmış stereotipləri sındırmış oldu. Son 6 ay ərzində elə Binəqədi rayonundakı bələdiyyələr öz fəaliyyətləri, əməli işləri ilə, həyata keçirdikləri sosial layihələrlə bütün bu mifi dağıtdı. Bələdiyyələrin fəaliyyətinə son dərəcə diqqətlə, səmimiyyət və həssaslıqla yanaşan mətbuat haqqımızda müsbət ictimai fikrin formalaşmasında yardımçı olur. Təbii ki, bu, bələdiyyə-mətbuat əməkdaşlığının yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir".
Tədbirdə həmçinin, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov 6 aylıq hesabat məruzəsi ilə çıxışlar ediblər.
Binəqədi rayonu təmsil edən 5 bələdiyyənin 6 aylıq hesabatı dinlənildikdən sonra bələdiyyə sədrləri jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Sonda Kütləvi İnformasiya Vasitələrinin bir qrupu Milli Mətbuatın 140 illik yubileyi münasibətilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə "Bələdiyyə dostu" Fəxri Diplomu və mükafatlarla təltif olundular.
Zümrüd Bayramova