PDF Oxu

Sosial

  • 10

Ənənəvi müxalifətin çıxış yolu

Ənənəvi müxalifətin çıxış yolu

SİYASİ RAKURS

Radikalizmdən imtina etmək və ümummilli maraqlara cavab vermək

Cəmiyyətdə dağıdıcı müxalifət, eləcə də ənənəvi müxalifət kimi tanınan partiyalarda süstlük və çaşqınlıq amili davam edir. İstefalar, qarşıdurmalar, ziddiyytlər partiyalararası olduğu kimi, eyni zamanda partiyalardaxili müstəvidə cərəyan etməkdədir. Xüsusilə, 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra bu olay özünü daha çox nümayiş etdirməyə başladı ki, nəticə də göz önündədir. Bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə 3 aydan da az qalsa da, özlərini aparıcı müxalifət partiyaları kimi təqdim edən siyasu qurumlar hələ də seçkilər prosesinə qatıla bilmirlər. AXCP, Müsavat kimi partiyalar, sözdə seçkilərdə iştirak edəcəklərini desələr də ortada bundan əsər-əlamət belə müşahidə olunmur. Maraqlı məqamlardan biri də bu partiyaların öz zəifliklərini etiraf etmələri əvəzinə, yenidən hakimiyyəti ittiham etmələridir. Məsələn, onlar iddia edirlər ki, guya iqtidar onların seçkilərə hazırlıq proseslərinə müdaxilələr edir və s. Ancaq araşdırdıqda, heç də onların iddiaları öz təsdiqini tapmır.

Ənənəvi müxalifətin olduğu hər bir yerdə seçki iddiasından daha çox fərdi maraqlar özünü biruzə verməkdədir

Ümumiyyətlə, öz günahlarını daim başqalarının üzərinə ataraq, bununla özlərini təmizə çıxarmağa cəhd edən dağıdıcı müxalifət partiyaları çoxillik "stajları"nda bu versiyadan daha çox istifadə edirlər. Təbii ki, bu cür addımların arxasında dayanan daha bir amil belə vasitələrlə xarici təşkilatlar, səfirliklər qarşısında xal toplamağa yönəlib. Çünki seçkilərdə iştirak etsələr belə, məğlub olacaqlarını yəqinləşdirən dağıdıcı müxalifət eyni zamanda onlara zaman-zaman havadarlıq edən xarici təşkilatların dəyirmanına su tökürlər ki, bəlkə qrant paylarını artırmağa nail olsunlar.

Əlbəttə ki, buraya "Milli Şura", "Milli Düşüncə Mərkəzi", "Azadlıq 2015" seçki bloku və s. bənzər qurumları da əlavə etmək olar. Ümumiyyətlə, ənənəvi müxalifətin olduğu hər bir yerdə seçki iddiasından daha çox yuxarıda qeyd edilən fərdi maraqlar özünü biruzə verməkdədir.

Dəyişilməzlik və eynilik xalqı bezdirib

Təbii ki, belə bir məqamda nə xalqdan, nə də elektoratdan hər hansı dəstəyi gözləməyə dəyməz. 25 ildir eyni sözün təkrarlanması, eyni "siyasətin" yürüdülməsi, eyni çağrış və bəyanatların verilməsi, eyni ittihamların irəli sürülməsi, mitinqlərin keçirilməsi, bütün bunların arxasından isə eyni simaların, eyni fərdlərin çıxması xalqı sözün gerçək mənasında bezdirib.

Ənənəvi müxlaifət isə hər məsələdə iqtidarı günahlandırmaqdansa, əslində özünə sual etməlidir ki, o çıxış yolunu daha hansı vəziyyətdə görür? Çıxış yolunun isə birinci tələbi məhz radikalizmdən imtina etmək və ümummilli maraqlara cavab vermək şərti ilə yeni siyasi addımlara getməklə bağlı ola bilər. Eyni zamanda cəmiyyət onun da şahidi olub ki, son aylarda iqtidarla dialoqa gedən müxalifət partiyaları müəyyən dərəcədə uğurlar qazanmağa başlayıblar. Onların ictimai rəydə fikirləri dinlənilir, bir sıra yeniliklər nəzərə çarpmağa başlayır. İqtidarla dialoqa getməyən AXCP, Müsavat kimi partiyalar isə öz yerlərində saymaqda davam etməkdədirlər. Məhz bu baxımdan, ənənəvilər iqtidarla müəyyən razılaşmaya getməli və siyasi islahatların keçirilməsinə zəmin yaradılmalıdır. Hər halda bu gün iqtidarla dialoqa gedənləri düşmən, xəyanətkar elan etməkdənsə, ağıllı addımlar atmaq daha məqsədəuyğun olar. Fəqət, radikalizm kökü üzərində bitən müxalifət bunu dərk etmək qabiliyyətinə malik olmadığını isbat edir. Halbuki, ənənəvi düşərgədə yeni təfəkkür, düşüncə tərzi olmalıdır. İqtidarla həm ümummilli, həm də digər məsələlərdə əməkdaşlığa gedilməlidir. Əgər buna da gücləri çatmasa, demək bu ilin parlament seçkiləri onlar üçün sonuncu siyasət ili olacaq. Mövcud vəziyyət belə diktə edir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər