PDF Oxu

Sosial

  • 9

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılıb

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılıb
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon icra hakimiyyətinin diqqət mərkəzində olduğundan cari ilin yay aylarında bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb həyata keçirilibdir.

Həmin tədbirlərdən biri də Səbail rayon icra hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi və "İstək" liseyinin iştirakı ilə artıq 10-cu dəfə təşkil olunan "Şahinlər" yay istirahət düşərgəsinin yaradılması olub. Dünən rayon icra hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilibdir.

Görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov salamlamış, ölkə başçısı Cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışaraq, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.

A.Əsgərov xüsusi olaraq vurğulayıb ki, Quba şəhərindəki yay istirahət düşərgəsi artıq 10-cu ildir ki, təşkil olunur. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Düşərgə Daxili Qoşunlar Komandanlığı və "İstək" liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar. Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı düşərgəyə təhkim olunmuş Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olcaq, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri və Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə tanışlığı təşkil olunacaqdır.

Tədbirdə çıxış edən valideynlər, ictimai birliklərin rəhbərləri, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Ü.ƏSGƏROV