Zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri ilə dünyada tanınan Azərbaycanı təbiətin möcüzəsi də adlandırmaq mümkündür. Bütövlüdə gözəlliklər diyarı olan Azərbaycan ən nadir bitki, heyvan növləri ilə daim diqqətdədir. Buranın əlverişli coğrafi relyefi, iqlimi mövcüddur. Onun təbətindən danışarkən göllərini, çaylarını, dağlarını da qeyd etməliyik. Təbiətin flora və faunasının mühafizə olunmasında yaradılan qoruqları da əhəmiyyətlidir. Bu qoruqlardan biri Qafqazın şimal-şərq yamaclarında yerləşən Azərbaycanda yaranan ilk qoruq Göy-Göl Dövlət Təbiət Qoruğudur. Qoruq içməli su mənbəyi kimi Göy-Gölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
Göy-Göl təbiətin ən möcüzəli yerlərindən biridir. Belə ki, qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi - Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara məhz bu gözəl təbiətdə təsadüf olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqalarına da Göygöl Qoruğunda rast gəlmək mümkündür. Elləroğlu dağ silsiləsində "Eldar şamı" qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda Eldar şamı meşəliyi yerləşir. Bundan başqa həmin sahədə seyrək şam meşəliyi, eldar şamı, Eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan - Eldar şamı, adi nar, qarmaqşəkilli şam, heyvanlardan - Zaqafqaziya qonur ayısı, faunadan - adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı Kitaba salınmışlar. Bu qoruq bir neçə dəfə ləğv edilsə də təbiətin gözəlliyinə biganə yanaşılmayıb. Yenidən statusu dəyişdirilib və 1965-ci ildə üçünci dəfə təşkil edilib. Onun ərazisi iki hissədən : Göy-Göl Dövlət Təbiət Qoruğundan və onun "Eldar şamı" filialından ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə Xanlar, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılıb. Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb.
Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.
Göy-Göl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. Mənbələrdə göstərilir ki, meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan Şərq fısdığı, Şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.
Ərazidə məskunlaşan heyvanlardan ikisi adı - Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı Kitaba salınıb. Qırmızı Kitabda Göy-Göldə yaşayan və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Bütün bunlar Azərbaycan təbiətinin rəngarəngliyindən, əzəmətindən xəbər verir. Bu mənzərələr ölkəmizin nağılvari guşələri ilə zəngin olduğunu bir daha göstərir.
NƏZAKƏT