PDF Oxu

Sosial

  • 7

Suraxanı rayonu 2015-ci ilin birinci yarısını uğurla başa vurub

Suraxanı rayonu 2015-ci ilin birinci yarısını uğurla başa vurub

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı rayon icra hakimiyyətində RİHB yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən yığıncaqda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş RİH-in baş məsləhətçisi Kəmalə Quliyevaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Bakı-2015" I Avropa Oyunlarında uğur qazanmış gənclərə Suraxanı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunub.

Hesabat məruzəsi ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan verib: "Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş vermiş, Bakının Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan I Avropa Oyunlarının məşəli alovlandırılmış, Cənab İlham Əliyev, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər. Bu möhtəşəm tədbirə hazırlıqla əlaqədar hesabat dövründə RİH-in təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmışdır".

Suraxanı rayon icra hakimiyyətinin başçısının sözlərinə görə, rayonun mənzil-kommunal idarələri tərəfindən xidməti ərazilərində 7 abad məhəllə salınmış, məhəllədaxili ərazilərə 6888 kv.m asfalt örtüyü salınmış, yaşayış binalarında 27,7 min kv.m. fasad təmir olunaraq rənglənmiş, 6 min kv.m. dam örtüyü təmir edilmişdir: "Suraxanı rayonu Bakının sənaye, xüsusilə neft sənayesi inkişaf etmiş rayonlarından biri olduğundan burada ekoloji məsələrin həlli vacib əhəmiyyət kəsb edir. Dövlət başçısının müvafiq Sərəncamına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Büllbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılmışdır".

Hesabat məruzəsində o da diqqətə çatdırılıb ki, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, 2015-ci ilin birinci yarımilliyində rayonun aidiyyəti idarələri tərəfindən 7456 nəfərə 3 milyon manatdan artıq sosial müavinət ödənilmiş, 2223 ailəyə 1,95 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilmiş, 27600 təqaüdçüyə xidmət göstərilmiş, orta aylıq pensiyanın məbləği rayon üzrə 170 manat təşkil etmiş, 301 nəfər işlə təmin olunmuşdur.

Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilmiş, 18 yaşdan yuxarı əhalinin 144687 nəfəri (85,6%) tibbi müayinədən keçmişdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər