Məlum olduğu kimi, 21 sentyabr tarixi bütün dünya ölkələrində "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə də hər il ənənəvi olaraq, avqustun 21-dən sentyabrın 21-dək respublikamızda "Sülh aylığı" keçirilir. Ombudsman aparatının məlumatına istinadən, E.Süleymanova "Sülh aylığı" keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.
Qeyd olunmalıdır ki, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP-nin) 4.10-cu bəndində də "Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi" təsbit olunub.
Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi, "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatları Ombudsmana təqdim edəcəklər.
Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir.
NƏZAKƏT