2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfər qızıl, 21 nəfər isə gümüş medalla təltif edilib
Müasir dövrümüzdə Azərbaycanın sürətli inkişafı yeni kadr potensialının yüksək səviyyədə olmasını tələb edir. Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindən biridir. Bu baxımdan təhsilə ayrılan xərclərin həcmi Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsinə çəkilən xərclərdən heç də az deyildi. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi təhsilin qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilə yüksək qayğı və diqqət göstərməsi, bu sahənin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi son illər müstəqil respublikamızda elm və təhsilin hərtərəfli inkişafına yönəlib.
XXI əsr sürət, kompüter - dünyaya çıxış əsridir. Belə bir zamanda təhsil müəssisələrinin sinif otaqlarının kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Məktəblərdə yaradılmış kompüter kabinetlərində müasir kompüterlər quraşdırılmışdır. Kompüterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompüterlər lazımi proqramlarla təchiz edilmişdir. Azərbaycan məzunlarının qəbul imtahanlarında yüksək bal toplayaraq, ali məktəblərə qəbulu, dünyanın xarici dövlətlərinin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaları elə Azərbaycanda təhsilə dövlət qayğısının, eləcə də yaradılan şəraitin məntiqi nəticəsidir.
Qeyd edək ki, təhsil müəssisələrinə ayrılan diqqətin məntiqi nəticəsi olaraq məktəblilər yüksək bilik və savad əldə edirlər. Onbirillik təhsili müvəffəqiyyətlə bitirən şagirdlərə Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən qızıl və gümüş medallar verilir. Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılmışdı. Uzun fasilədən sonra məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. 2010-2011-ci tədris ilinin orta məktəbin 11-ci sinfini 53 şagird qızıl və gümüş medalla bitirib. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülmüşdü. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vuraraq 118-i qızıl, 20-si gümüş medal almışdı.
2012-2013-cü tədris ilinin nəticələri ürəkaçan olub. Belə ki, 2012-2013-cü tədris ilinin orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirib. 238 məzunun qızıl medala layiq görülməsi, əlbəttə ki, kifayət qədər uğurlu göstəricidir.
2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib. Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır. Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınmışdır.
Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunmuşdur.
Göründüyü kimi, ölkəmizdə iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilə təsirini göstərməkdədir. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkib Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına, intellektinin daha da yüksəlməsinə gətirib çıxarır.
Azərbaycan belə məzunlarından qürurlanır. Gələcəyinə nikbin baxır.
NƏZAKƏT