PDF Oxu

Sosial

  • 6

Qərb siyasətinin "islamofobiya" amilindən doğan səlib yürüşü

Qərb siyasətinin "islamofobiya" amilindən doğan səlib yürüşü

Nəyə görə müsəlman miqrantlar geriyə - ölümə doğru göndərilirlər?

Məlum 11 sentyabr terrorundan sonra Qərb dünyasının müsəlman dünyasına qarşı baxışında dəyişikliklər əmələ gəlməyə başladı. Belə ki, islam dininin şərtlərindən kənar fəaliyyət göstərən radikal dini terror təşkilatlarının qanlı əməlləri bütövlükdə islam dininə aid edilməyə başladı. Daha dəqiq desək, islam dinini əllərində vasitəyə çevirərək, onu öz məqsədləri üçün istifadə edən "Əl-Qaidə", "Taliban" kimi onlarla bu cür terror təşkilatları Qərb dünyasında islamofobiya deyilən fikri daha çox yayılmasına imkan yaratdılar.

Müsəlman ölkələrində müharibələr, savaşlar, tayfa qarşıdurmaları kimi ziddiyyətlər yaradan Qərb siyasi dairələri, həm də müharibə amilindən biznes kimi yaralanmağa başladılar

Sonrakı illərdə Əfqanıstanda, Misirdə, Liviyada, İrakda, Suriyada baş qaldıran qiyam və üsyanlar, iç savaşlar, hakimiyyət devirimləri, dini inqilablar Qərb siyasi dairələrində, xüsusilə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrdə qazanc mənbəyinə çevrildi. Müsəlman ölkələrində müharibələr, savaşlar, tayfa qarşıdurmaları kimi ziddiyyətlər yaradan Qərb siyasi dairələri, həm də müharibə amilindən biznes kimi yaralanmağa başladılar. Təəssüf ki, ölənlər, yaralananlar, evləri dağılanlar da yenə müsəlmanlar oldu. Qərb dünyası isə informasiya mənbələrində boş-boş bəyanatlar verməklə, "demokratik imiclərini" sərgiləməkdə davam etdilər.

Ümumiyyətlə, qeyd olunan fikirləri təhlil etdikcə, belə qənaətə gəlmək olur ki, sanki burada islam dünyasına qarşı mübarizə aparan bir mərkəz - xristian klubu, yaxud da xristian ailəsi deyilən qurum fəaliyyət göstərir. Məqsəd müsəlman ölkələrində çaxnaşmalar, qarşıdurmalar yaratmaqla Qərb dünyasının oradakı maraqlarını təmin etməkdir. Hətta bunun üçün bir çox tanınmış Qərb korporasiyaları, nəhəng şirkətləri istənilən qədər maliyyə xərcləyərək, müəyyən terror qruplarının silahlanmalarına gizli dəstək göstərirlər. Bu barədə müxtəlif cür informasiyalar mediada işıqlandırılır, bu gün də belə materiallar zaman-zaman ictimai rəyin diqqətinə çatdırılır.

Əslində, onların özlərinin demokratiya dərsi almağa ehtiyacları var

Yeri gəlmişkən, daha bir problemli məsələ Yaxın Şərqdə, eləcə də Afrikanın müsəlman ölkələrində baş verən siyasi kataklizmlərin nəticəsində üzlərini Avropaya tutan miqrantlar ordusu böyük məşəqqətlərlə üzləşirlər. Xüsusilə, Suriyadan, İraqdan və s. müsəlman öləkələrindən qaçqın düşən insanlara qarşı qeyri -insani davranışlar göstərilir, onlar geriyə - ölümə qaytarılırlar.

Belə olan halda, insanları bu fikir düşündürür ki, dünya birliyində, beynəlxalq təşkilatlarda, müəyyən müddətdir ki, müstəqillik qazanmış ölkələrə "demokratiya dərsi" keçməyə çalışan Qərb başbilənləri nəyə görə, özlərinin insanlığa qarşı sərgilədikləri mövqelərini süzgəcdən keçirmirlər? Yaxud "humanizm prinsipi bizim üçün ən əsas amildir" tezisi ilə ölkələrin siyasi gündəmlərinə müdaxilə edib, müəllimlik nümayiş etdirənlər hesab etmirlərmi ki, əslində, onların özlərinin dərs almağa ehtiyacları var?

Söz yox ki, müsəlman ölkələrində çaxnaşma ocaqları yaradan Qərb siyasi dairələri nə qədər böyük bir səhv siyasət yürütdüklərinin fərqinə varırlar. Sadəcə, ortada görünən əsas amil işğalçılıq, müstəmləkəçilik siyasəti yürüdən xristian klubunun islam dünyasına qarşı aşkar düşmənçilik mövqeləridir. Bu baxımdan, müsəlman ölkələrinə qarşı səlib yürüşünə çıxan həmin dairələr yaxşı olardı ki, gəlib bizlərdən demokratiya və humanizm dərsləri öyrənsinlər. Bəlkə onda onların qəlbində bəşər övladına qarşı sayğı hissi yaranar.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər