Ölkəmiz növbəti parlament seçkiləri ərəfəsindədir. Azərbaycan mətbuatı bu seçkilərdə necə iştirak etmək fikirindədir? "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, qəzetlər ilk öncə MSK-ya müraciət etməlidirlər ki, bu seçki proseslərini işıqlandırmaq üçün icazə alsınlar: "Yəni onların veb səhifələrində seçki prosesini işıqlandıracaq qəzetlərin siyahısı dərc edilir və seçkiyə qatılan namizədlər, partiyalar və ayrı-ayrı bloklar məhz seçki prosesinə qatılacaq qəzetlərlə əməkdaşlıq qururlar. Birmənalı şəkildə demək olar ki, Azərbaycan mətbuatı parlament seçkilərini obyektiv işıqlandıracaq. Ümumiyyətlə, ölkənin ictimai həyatı və gələcəyi üçün parlament seçkilərinin çox böyük önəmi və rolu var. Bu seçki prosesində biz qanunlar çərçivəsində və eyni zamanda namizədlərlə təblığat materiallarını yerləşdirməklə bu proseslərə qatılaraq iştirak etmək fikirindəyik".
QHT-lər ölkəmizdə keçiriləcək parlament seçkiləridə necə iştirak etmək fikirindədir? Seçkilərin demokratik bir formada baş tutması üçün QHT-lər hansısa addımı atmaq fikirindədirmi? İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyətinin əsas hissəsi olan QHT-lər hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər. O cümlədən də, ölkədə keçirilən bütün seçkilərdə fəallıqları ilə seçiliblər: "Vətəndaş Cəmiyyətinin görməli olduğu işlərdən biri də ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak etməkdən ibarətdir. QHT-lər dövlətin həyatında xüsusi rolu olan seçkilərdə, əsasən də parlament seçkilərində aktiv olmalıdırlar. Bir sözlə, dövlətin ümumi mənafeylərinə zərər verməyəcək şəkildə fəaliyyət göstərməlidirlər. Yəni xarici qüvvələrin Azərbaycan dövləti ilə bağlı mənfur hərəkətlərinin olmamalıdırlar. Ümid edirik ki, QHT-lər parlament seçkilərində də aktiv şəkildə iştirak edəcəklər".
Azərbaycan gəncliyi parlament seçkilərində necə iştirak etmək fikirindədir? Yəni seçkilərin azad və demokratik keçirilməsinə töhfələrini vermək üçün gənclik hansı potensialı və gücü ortaya qoymaq fikirindədir? Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də Azərbaycan gəncliyi aktiv şəkildə iştirak edəcəkdir: "Çünki gənclər cəmiyyətin dinamik qüvvəsidir və daima proseslərin önündə getməsinə çalışır. Təbii ki, biz bütün seçkilərdə olduğu kimi, bu seçkilər də tam demokratik və şəffaf şəkildə keçiriləcəkdir. Bu seçkilər Azərbaycanın növbəti demokratik mərhələdə qazandığı uğurunun göstəricisi olacaqdır. Ümumiyyətlə, seçkilər hər bir ölkənin taleyində böyük rol oynayır. Bu seçkilərdə Azərbaycan xalqının, xüsusilə də Azərbaycan gəncliyinin doğru seçim edəcəyinə inanırıq".
GÜLYANƏ