Leyla Əliyeva:"Xaricdə yaşayan Azərbaycan gəncləri Qarabağ münaqişəsi haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq"
Müstəqil dövlətimizin verdiyi imkaların nəticəsi olaraq Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil şəkildə layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri, xidməti vardır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın müxtəlif bölgələrindən eşidilir. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər Təşkilatının sədri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bir gənc, ölkəmizi təmsil edən nümayəndə olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri, rolu vardır. Belə ki, genişmiqyaslı layihələrlə çıxış edərək, Azərbaycan həqiqətlərini dünyaya bəyan edən Leyla xanım Azərbaycanın imicini saxlamaq, Vətənimizi ləyaqətlə təmsil etmək məqsədilə layihələr reallaşdırır.
Gənclərin təşkilatlanması həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya cəmiyyətinin xeyrinədir. Azərbaycan gəncləri yaşadıqları ölkənin qanunlarına hörmət etməli, lakin bununla bərabər, öz milli mənsubiyyətini, mədəniyyətini, dilini və ənənələrini unutmamalıdır. Ümummilli mənafelərdən söhbət gedəndə gənclər bir yerdə olmalı və sıx birləşməlidirlər. Leyla Əliyevanın başçılıq etdiyi təşkilat yaradılandan sonra gənclər onu özlərinə arxa hesab edir və birləşmə hərəkatı fəallaşmışdır. Gənclər fondun bütün təşəbbüslərini dəstəkləməyə və gənclərlə bağlı müxtəlif layihələrdə fəal əməkdaşlıq etməyə hazırdırlar.
Gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edirlər. Belə ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Gəncləri bir ideya ətrafında toplamağa çalışan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Leyla Əliyeva çıxışlarının birində belə deyir: "Xaricdə yaşayan Azərbaycan gəncləri Qarabağ münaqişəsi haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq."
"BİR PLANET - BİR GƏLƏCƏK"
RAGT Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsədi ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. IDEA-nı fərqləndirən cəhət bu problemə çox kreativ yanaşma oldu. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. İDEA qlobal gənclik ekoloji kampaniyasına başladı. Bu kampaniya artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənmişdir. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, təşkilatın "Bir planet - bir gələcək" devizini bir daha təsdiq edir. Bundan əlavə, İDEA Azərbaycanda "Böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. İDEA-nın növbəti illər üçün geniş planları vardır.
AZƏRBAYCANDA QƏDİMDƏN MÜXTƏLİF MİLLƏTLƏRİN, DİN VƏ MƏDƏNİYYƏTLƏRİN NÜMAYƏNDƏLƏRİ BÖYÜK BİR AİLƏ KİMİ YAŞAYIB
RAGT-in ətrafında birləşən Azərbaycan gəncləri ölkəmizdə yaşanılan həqiqətləri dünya birliyinə çatdırır və Vətənimizin, dilimizin, mədəniyyətimizin, ənənələrimizin qorunmasında birmənalı çıxış edirlər. RAGT bir təşkilat kimi sülh və firavanlıq aşılayır. Bütün görülən işlərdən belə qənaətə gəlinir ki, müasir dövrümüzdə RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bu iş davam etdirilir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər nəticəsini verib. Leyla xanım Əliyevanının həyata keçirdiyi genişmiqyaslı layihələr Azərbaycan diasporunun fəaliyyətində əhəmiyyətli rol oynayır.
Leyla Əliyeva Azərbaycanı sülhsevər, tolerant bir ölkə olaraq da dünya ictimaiyyətinə təqdimində əhəmiyyətli layihələri gerçəkləşdirir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olub. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınıb. Burada qədimdən müxtəlif millətlərin, din və mədəniyyətlərin nümayəndələri böyük bir ailə kimi yaşayıb. Bu gün də Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Leyla xanımın dediyi kimi, küçələrdə müxtəlif dillərdə danışıqlar eşitmək mümkündür: "Məscid, katolik və pravoslav kilsələri, həmçinin yəhudi sinaqoqu yanaşı fəaliyyət göstərir. Bütün insanlar bir böyük ailə kimi sülh və birlik şəraitində yaşayır. Fikrimcə, bu, xüsusilə müasir dünyada çox qiymətlidir. Azərbaycanda Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, MDU-nun filialı fəaliyyət göstərir. Məhz Cənubi Qafqazda ən böyük rus diasporu Azərbaycandadır".
Leyla xanım geniş, şaxəli fəaliyyətində İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyətlərarası Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi həmin təşkilatın üzvləri olan ölkələrin gəncləri ilə sıx birləşdirmək məqsədi güdən müxtəlif təşəbbüslərlə çıxış edir. Gənclər Forumunun baş əlaqələndiricisi kimi 2007-ci ildən fəaliyyətə başlayaraq bu illər ərzində forumun strukturunu möhkəmlətməklə bərabər, bir sıra iri tədbirlər və çoxsaylı layihələr həyata keçirməyə nail olub. Azərbaycan gəncləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında coğrafi əhatəsinə görə ən fəal gənclərdir. Belə gənclərin dünyaya təqdiminə Leyla xanımın rolu və fəaliyyəti danılmazdır. Leyla xanım ölkəmizin hüdudlarından kənarda Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, məqsədli şəkildə yanaşır. Bu deyilənlərdən belə qənaətə gəlmək mümkündür ki, Leyla xanım Əliyeva şaxəli fəaliyyəti, məqsədli əməlləri ilə gənclərin liderinə çevrilib.
NƏZAKƏT