Azərbaycanda televiziyanın yaranma tarixi 1956-cı il fevralın 14-nə təsadüf edir. Zamanında bu "sehrli qutu"ya möcüzəli bir aləm kimi yanaşılsa da, vaxt ötdükcə adiləşdi. İlk vaxtlar televiziya həftədə iki, daha sonralar isə 3 dəfə 2 saatlıq proqramla efirə çıxmışdı. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra televiziyada proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması, yeni teleqüllənin ucaldılması sahəsində ciddi addımlar atılmağa başlanıldı. 1970-ci ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişlərinə şərait yaratdı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi isə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə, yəni 1996-cı il iyunun 7-də istifadəyə verildi.
1991-ci ildə totalitar sovet rejimindən qurtulub yenidən müstəqillik qazanan Azərbaycan elə ilk günlərdən dünyaya demokratik inkişaf yolu tutduğunu bəyan etdi. Ağrılı-acılı keçid dövrünü yaşayan ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail oldu və demokratik cəmiyyətin əsas elementlərini yaratmağa başladı. Ölkədə mətbuat azadlığının real təminatı üçün "Kütləvi informasiya vasitələri" haqqında yeni qanun işlənib qəbul edildi və yalnız bundan sonra cəmiyyətin yeni bir demokratik instituta - ictimai televiziyaya ehtiyacı məsələsi aktuallaşdı.
"İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikasının qanunu hazırlanıb uzun müzakirələrdən sonra qəbul edildi.
Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Fərman imzaladı.
Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-duasını verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.
Bu gün dünyanın bir çox ölkələri İctimai Televiziya yayımını həyata keçirir. Özünü demokratik ölkə kimi təqdim edən bəzi dövlətlərin isə adı bu siyahıda yoxdur. Amma Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atmaqla, cəmiyyətdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş yer veriildiyini ortaya qoydu.
İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə güvənməklə, problemsiz yaradılıb, özü də klassik formada-dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da, onları bir sıra əsas prinsiplər birləşdirir.
Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya nəzarət mexanizmi "İctimai Televiziya və Radio Yayımları haqqında" Azərbaycan Respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.
İctimai Televiziya xalqın kanalıdr
Bu gün İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.
Geniş tamaşaçı auditoriyası toplayan İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - İctimai Yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür.Bunu dünya klassik ictimai yayım praktikası və ənənəsi tələb edir, bunu Azərbaycan qanunvericiliyi tələb edir, bunu Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı tələb edir.
Azərbaycan qanunvericiliyinə əsaslanaraq, İctimai Yayım xidmətinin əsas prinsiplərindən biri informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüdür. İctimai Televiziya bu prinsiplə işləyir.
Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, informasiyaya münasibət bildirməyən İctimai Televiziya, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır.
Televiziya proqramlarında yer alan xalqımıza doğru dürüst xəbərləri çatdıran "Carçı", hər gün səhərlər xoş-əhvali ruhiyyə bəxş etdiyi "Yeni gün" proqramları xüsusi önəm təşkil edir.
İctimai Televiziya qanunvericiliyin daha bir tələbinə - plüralizm və dözümlülük, açıq siyasi maraqlardan uzaqlaşma tələbinə də ciddi əməl edir.
İctimai Yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına yol verilmir. Plüralizm və dözümlülük prinsipinə uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri, problemlərə yanaşma, şərhlər və analitik təhlillər alternativ əsaslarla və müzakirə formasında aparılır.
İctimai Televiziyanın yayım proqramlarında siyasi baxışların birtərəfli qaydada üstünlüyünə yol verilmədiyi üçün parlament və prezident seçkilərinin əsas debatları bu kanalla yayımlanır.
"Ortaq məxrəc" tok-şousu cəmiyyəti narahat edən ən aktual mövzuların müzakirə meydanı kimi tanınır. Burda əxlaqi və milli-mənəvi dəyərlərdən tutmuş müasir sosial şəbəbkələrin üstünlükləri və problemlərinə qədər hər şey barədə açıq söhbət gedir. Tok-şounun qonaqları - verilişin iştirakçıları isə müvafiq sahələr üzrə ekspert-mütəxəssislərlə yanaşı sadə insanlar, müzakirə edilən problemə dair sözü olan adi adamlar - tələbələr, şagirdlər, sadə peşə sahibləri olur.
"Xəmsə" və "Ailəm Aləm" kimi intellektual verilişlər Azərbaycan gənclərinin maarifləndirilməsi kimi ali bir məqsədə xidmət edir. Ölkənin bütün bölgələrindən belə yüksək intellektual səviyyəli ailələrin yarışması paytaxtdan uzaqda yaşayan insanların unudulmadığına, elmə, biliklərə yiyələnməyin həmişə üstünlük olduğuna inam yaradır.
İctimai Televiziya, eyni zamanda, təhsil və maarifçilik məsələlərinə xüsusi diqqət ayırır.
Tarix, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər, vətənpərvərlik mövzusunda proqramlar hazırlanır. Azərbaycan televiziya məkanında bu boşluğu doldurmaq missiyası da İctimai Televiziyanın üzərinə qoyulub. Ona görə də telekanal milli-mənəvi və əxlaqi dəyərləri ön plana çəkərək tariximizin şərəfli səhifələrinin öyrənilməsinə, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə ayrıca proqramlar həsr edir.
Mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələrinə işıq salan, diqqət çəkən "Ötən əsrin nəğmələri", "Bir mahnının tarixçəsi", "Bakı vaxtı" "Bakı sirləri" kimi verilişlər hər kəsin diqqətini çəkir, marağına səbəb olur.
Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxmaq da İctimai Televiziyanın taleyinə qismət olub. Bu telekanalın mədəniyyətlə bağlı öz konsepsiyası var. Hesab olunur ki, Azərbaycan mədəniyyətinin hələ təbliğ olunmamış, hələ öyrənilməmiş qatları var və bu qatlar cəmiyyətə zaman-zaman təqdim edilməlidir. Təsadüfi deyil ki, İctimai Televiziya və Radio Yayımı haqqında Azərbaycan Respublikasının qanununda da proqramlarda milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək tövsiyə edilir. Mədəniyyət və incəsənətin rəngarəngliyinə İctimai Televiziyanın xüsusi diqqət ayırması həm də ictimai yayımçı kimi vəzifə borcuna çevrilib.
Ucuz şou-proqramlardan uzaq olan İctimai Televiziya yarandığı tarixdən hər zaman musiqi mədəniyyətimizin ən kamil nümunələrinin təbliğinə önəm verib.
İctimai Televiziya - müxtəlif xalqların nümayəndələrinin televiziyasıdır
Dünya ictimai yayım konsepsiyasının əsas tələblərindən biri də milli, dini azlıqların hüquq və azadlıqlarına xüsusi diqqət yetirməkdir. İctimai Televiziya fəaliyyətə başladığı ilk günlərdən bu konsepsiyanı öz işinin mühüm tərkib hissəsi elan edib.
Müxtəlif xalqların nümayəndələrinin yaşadığı Azərbaycanda milli və dini tolerantlığın təbliği, bu məqamın İctimai Televiziyanın proqram siyasətinin əsas prinsipinə çevrilməsi vacib şərtdir. Ona görə də bu gün İctimai Televiziya talışın da, ləzginin də, avarın da, tatın da, yəhudilərin kompakt yaşayış məntəqəsi olan Qırmızı qəsəbə sakinlərinin də öz televiziyasına çevrilib.
Bu kanalın qapıları siyasi baxışlarından, dini görüşlərindən, milli mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır.
Ölkədə yaşayan azsaylı xalqların mədəniyyəti, musiqisi, folkloru və ədəbiyyatı İctimai Televiziyanın proqram siyasətində xüsusi yer tutur.
Müxtəlif millətlərin paytaxtdan uzaqda - ucqar dağ kəndində yaşayan nümayəndələrinin - nənələrin laylası, babaların hikməti İctimai Televizya vasitəsilə hamının, bütün xalqın malına, sərvətinə çevrilən televiziyanın fərqliliyi onun verilişllərinin rəngarəngliyindədir.
İctimai Televiziya Avropa Yayımları Birliyinin tamhüquqlu üzvüdür
Qeyd edək ki, İctimai Televiziya 2007-ci ildə Avropa Yayımları Birliyinə tamhüquqlu üzv qəbul edilib. Bu, 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq televiziya şəbəkəsinin cəmi iki yaşı olan bir şirkətin fəaliyyətinə inam və etibarının, etimadının göstəricisidir.
İctimai yayım haqqında qanunvericiliyin tələbinə görə İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin edən, bu vəzifənin öhdəsindən də layiqincə gələn İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Qeyd edək ki, teleşirkət neçə illərdir ki, Türkiyə, Macarstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyir. Bu telekanallarla mübadilə proqramları həyata keçirir.
Bütün dünyaya yayımlanan televiziya, həm də dünya azərbaycanlılarının televiziyasıdır
2009-cu ildən türkdilli ölkələrin ortaq televiziyası fəaliyyətə başlayıb. İlk dəfə İctimai Televiziya və Türkiyə Radio-Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğuru bu möhtəşəm layihəyə Orta Asiya ölkələrinin də qoşulmasını təmin edib. Bir sözlə, ortaq türk dili, böyük türk birliyi yolunda ilk zəruri və real addımları da İctimai Televiziya atıb.
İndi İctimai Televiziya və Radio 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yaımlanır. Elə bu səbəbdən də dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar üçün hər həftənin cümə axşamı xüsusi proqram - "Qərib axşamlar"ı təqdim edir. Bu proqramın hər yerdə, hər ölkədə tamaşaçıları var, bu proqramı gözləyənlər var. Deməli, İctimai Televiziya həm də, dünya azərbaycanlılarının televiziyasıdır.
Regionun ən güclü telekanallarından biri
Yarandığı ilk gündən şirkət dünyanın ən aparıcı texnologiya istehsalçılarının müştərisinə çevrilib. İndi İctimai Televiziya həcminə, çəkiliş və montaj avadanlıqlarının müasirliyinə, eləcə də texniki göstəricilərinə görə regionun ən güclü telekanallarından biri sayılır. İki inzibati binadan ibarət şirkətin səkkiz studiyası günün tələbləri səviyyəsində qurulduğundan 24 saatlıq yayım proqramında fasilədən, gecikmədən söhbət gedə bilməz. Dünya standartlarına uyğun Səyyar Televiziya Stansiyaları, zəngin texniki bazası olan teleşirkət indi rəqabətədavamlı proqram siyasəti yeritməyə, istənilən ekstremal şəraitdə çəkiliş aparmağa qadirdir.
Çünki Azərbaycan dövlətinin ictimai yayımçı qarşısında qoyduğu başlıca vəzifələrdən biri də Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
Bu gün efir məkanında öz sözünü deyə bilən, öz fərqli dəsti -xətti ilə seçilən, bir çox uğurlara imza atan İctimai Televiziyanın 10 yaşı tamam olur. Böyük və ali məqsədə çatmaq üçün uzun bir yola çıxan İTV-nin kollektivini təbrik edir, daha maraqlı və enişli-yoxuşlu, yollar, daha əlçatmaz uca zirvələr fəth etməsini arzulayırıq.
ZÜMRÜD