Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası açılıb.AZƏRTAC xəbər verir ki, 23 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları, bədii ədəbiyyat və başqa ləvazimatlar alıcılara digər satış yerlərinə nisbətən 20-25 faiz aşağı qiymətə təklif olunur.Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata böyük alıcı marağı var. Satılan bütün məhsulların keyfiyyətinə və qiymətinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur.Satış yerlərinin hər birində məhsulların zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Həmsöhbət olduğumuz valideynlər Səyyarə Novruzova və Ülviyyə Əliyeva dedilər ki, dükan və bazarlardakı qiymətlərlə yarmarkadakı qiymətləri müqayisə edib və arada xeyli fərq olduğunu görüblər. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən keyfiyyətlilərini alsınlar. Valideynlər belə yarmarkaların təşkilinə görə minnətdarlıqlarını bildirirlər.Hər gün saat 9:00-dan 14:00-dək əhaliyə xidmət göstərən yarmarka sentyabrın 15-dək davam edəcək.
AZƏRTAC