Muzeylər xalqımızın tarixinin, milli mənəvi dəyərlərinin qorunması və təbliği baxımından çox əhəmiyyətli məkanlardan biridir. Buna görə də muzey bələdçisi öz üzərində daim çalışmalı, ona verilən sualları dolğun cavablandırmağı bacarmalıdır.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən muzey bələdçiləri üçün təcrübə məşğələsində səsləndirilib.Tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, hazırda muxtar respublikada 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Bu gün keçirilən seminarda əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına metodik kömək göstərməkdən ibarətdir.Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov "Ekskursiya işinin ümumi əsasları", Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "Bələdçinin davranış qaydaları" mövzularında çıxış edərək bildiriblər ki, ekskursiya mətnləri hazırlanarkən elmi faktlara əsaslanmaq vacib məsələdir. Bələdçi ekskursiya apararkən etik qaydalara riayət etməli, maarifçilik işi gördüyünü unutmamalıdır.Məşğələnin sonunda Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasına baxış olub, ekskursiya keçirilib. İngilis dilində aparılan ekskursiyada iştirakçıları maraqlandıran suallara cavab verilib.
AZƏRTAC