1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını erməni-bolşevik işğalından azad edib
Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 97-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişi nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verərək, Azərbaycan xalqını darda qoymadı. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.
Tarixçi, millət vəkili Musa Qasımlı "SƏS" qəzetinə açıqlamasında Bakının işğalı ilə bağlı bir çox faktlara aydınlıq gətirdi: "O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağlasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Soyqırımının həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu. 1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi anti-Azərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı".
M.Qasımlının sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi: "1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi. Qafqaz İslam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi. Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı".
Beləliklə, qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!" fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət və incəsənət mərkəzinə qovuşmuş oldu.
Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.
Ü.ƏSGƏROV