2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq
Bu gün ölkəmizdə təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Ölkəmizdə yeni dərs ilinin başlanğıc günüdür. Məlumdur ki, müasir dövrümüzdə hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub.
Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunədərindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu iş indi də davam edir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdəndir.
Görülən işlərin məntiqidir ki, 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin müsabiqəsində 38 min 763 abituriyent iştirak edib. Onlardan 32 min 196 nəfəri ali məktəblərə qəbul olunub. Təhsilə göstərilən qayğı uğurlarla nəticələnir. Elə ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif olunması da bu qəbildədir. 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib. Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.
50 ÜMUMTƏHSİL MƏKTƏBİNDƏ MÜASİR STANDARTLARA CAVAB VERƏN HƏRBİ KABİNETLƏR YARADILIB
Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.
2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq. Qeyd edək ki, 2014-2015-ci tədris ilində isə birinci sinifə gedənlərin sayı 138 min olmuşdu. Ümumilikdə isə bu tədris ilində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.
Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradılıb. Hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Eyni zamanda kabinetlər təlim üçün nəzərdə tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub. Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.
Qeyd edək ki, paytaxtla yanaşı, ölkəmizin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.
YENİ TƏDRİS İLİNDƏ X SİNİFLƏRDƏ TƏDRİSİN TƏMAYÜLLƏR ÜZRƏ APARILMASINA BAŞLANILACAQ
Təhsil sahəsində olan yeniliklərdən biri də 2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.
Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.
Vurğulayaq ki, təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsil alanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.
Onu da qeyd edək ki, yeni tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb. VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.
Görülən işlər qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək, təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI