15 sentyabr - "Bilik Günü" ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanılıbdır.
Səbail rayonunun mərkəzindəki 6 saylı məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət Himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanıb. Tədbiri açınq elan edən 6 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova məktəbin tarixi barədə məlumat verərək qeyd edib ki, yaşı 100 ildən çox olan məktəb binası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən məktəb 2010-cu ildə sökülərək yenidən müasir standartlara uyğun tikilib, 2011-ci il sentyabrın 15-də Prezidentin iştirakı ilə açılış mərasimi keçirilibdir. Ölkə başçısının bir vaxtlar oxuyub təhsil aldığı öz döğma məktəbinə olan diqqət və qayğısı bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edibdir. Məktəb 2 dəfə "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin, məktəbin 15 nəfər müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri arasında olubdur. 2014-2015-ci tədris ilinin yekunlarna görə məktəbi 5 sinifdə 140 nəfər bitirib, onların 134 nəfəri ali məktəblərə qəbul olunub. Məzunların 6 nəfəri 600-dən, 4 nəfəri isə 650-dən çox bal toplamışlar. Məktəbin 3 məzunu "Qızıl medal"a layiq görülmüş, 13 nəfər isə xarici ölkələrin ali məktəbinə qəbul olunub. 2015-ci ildə Təhsil Nazirliyinin qərarı ilə Yasamal rayonundakı 150 saylı orta məktəb 6 saylı məktəbə birləşdirilib, bu ildən məktəbin II korpusu kimi fəaliyyət göstərəcək.
Gülşən Orucova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə ölkə Prezidentinə öz dərin təşəkkürünü bildiribdir.
"Bilik Günü"nə həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı Cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün bütün respublikamızda, xüsusən də paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda təhsilin səviyyəsi günü-gündən artmaqdadır. Yeni məktəblər tikilib, bir çox təhsil müəssisələr əsaslı təmir olunub, bunun da nəticəsində təhsil ocaqlarının maddi-texniki bazası möhkəmlənib.
Bunun bariz nümunəsidir ki, ölkə başçısının imzaladığı Sərəncam və dövlət proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilibdir. Həmçinin, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 peşə, 12 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 10 uşaq bağçası əsaslı təmir olunubdur. Bildirilib ki, rayonun orta məktəblərini 1481 nəfər bitirib, onlardan 989 nəfəri tələbə adını qazanıbdır. Qəbul imtahanlarında abituriyentlərdən 137 nəfəri 500-dən yuxarı, 47 nəfəri 600-dən, 19 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 6 məzun qızıl medala layiq görülübdür.
X.Bayramova Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən və fondun dəstəyi ilə görülən işlər barədə məlumat verib.
Məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub. Tədbirdə çıxış edənlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Prezidentə öz dərin təşəkkürünü bildiriblər.
Ənənəvi "Bilik Günü" tədbirləri rayonun digər məktəblərində də keçib, bu tədbirlərdə RİH-in məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ü.ƏSGƏROV