PDF Oxu

Sosial

  • 38

Suraxanı rayonunda "Bilik Günü" qeyd olundu

Suraxanı rayonunda "Bilik Günü" qeyd olundu

"Bilik Günü" münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunub. Belə tədbirlərdən biri də rayonun Bülbülə qəsəbəsindəki 327 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Şərifova qonaqları salamlayaraq məktəb kollektivinin yeni tədris ilinə tam hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov son 12 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunduğunu bildirib:"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb. Cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli Sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Prezidentin Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı "təsdiq olunub".

Bu ildən I siniflərə qəbulun yeni sistemi tətbiq olunduğunu diqqətə çatdıran İ.Abbasov 2015-2016-cı tədris ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirildiyini bildirib.

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib.

İ.Abbasov tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunda 2003-2014-cü illər ərzində 5930 şagird yerlik 8 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədilə 20 məktəb üçün 7780 şagird yerlik əlavə tədris korpusu tikilib. 2014-2015-ci tədris ilində rayon ərazisində yerləşən 34 tam orta məktəb və Xarici Dillər Təmayüllü Gimnaziyanı 1976 şagird bitirib, onlardan 1690 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Sənəd verənlərdən 1071 nəfəri tələbə adını qazanıb. Abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı bal toplayıb. 650-dən çox bal toplayan məzunların sayı isə 24 nəfərdir.

İ.Abbasov əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etdi və qarşıdakı 2015-2016-cı tədris ilində uğurlar arzuladı.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

ZÜMRÜD

Digər xəbərlər