Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibətilə qurbanlar kəsilməsi və rayonun qəsəbələri, yaşayış sahələrində imkansız ailələrə paylanması təşkil olunub. SİA-nın məlumatına görə, bu qəbildən keçirilən tədbirlərdən birincisi rayonun Bayıl yaşayış sahəsində təşkil olunmuş mərasim olub. Səbail rayon rəhbərliyi, rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir.Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibətilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarının bildiriblər.Daha sonra tədbir rayonunun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində davam edib. Buradakı tədbirə rayon rəhbərliyi ilə yanaşı rayonun din xadimləri, qəsəbə bələdiyyəsinin, ictimaiyyətinin, burada məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, qəsəbə ağsaqqalları, iş adamları, Badamdardakı hərbi hissənin şəxsi heyətinin üzvləri toplaşıb. Bayramsayağı bəzədilmiş həyətdə islam adət-ənənələrinə uyğun, din xadimlərinin iştirakı ilə qurbanlar kəsilərək paylanılıb. Aşıqların ifası tədbiri daha rəngarəng edib.Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərlə görüşüb, burada təşkil olunmuş çay süfrəsi ətrafında ağsaqqallar, veteranlar, ictimaiyyət nümayəndələrinə gələcəkdə Badamdar qəsəbəsində nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf barədə məlumat verib.Qeyd olunub ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 24 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 5500–dən çox ailəyə qurban payları təqdim edilib.
sia.az