PDF Oxu

Sosial

  • 25

Qurban bayramı

Qurban bayramı

Qurban paylaşmadır sevgini xalqla,

Kim ona yetişər çox xoşbəxt olar.

Yaşayar ömrünü, o təmtəraqla,

Ellərin gözündə daim ucalar.

Müəllif

Allah qüdrətlidir, Allah böyükdür,

Hər kəsə bəxş edir öz qiymətini.

İnsanda təmizlik bir böyüklükdür,

Tanrı qoruyacaq ləyaqətini.

İmanı kamilsə böyükdür insan,

Yetər səadətə, ucalar hər an.

Kim ucalıq tapar Allah yanında,

Bir kəsiri olmaz din-imanında.

Əl tut imkansıza, fəqirə həmən

Sevincə yetişsin millət, həm vətən.

Artsın qazancının bar-bərəkəti,

Çoxalsın qəlbinin varı, sərvəti.

Ən böyük sərvətdir el sevgisi, bil,

Kim onu qazanar sevinər könül.

Sədəqə verməklə azalmaz sərvət,

Əliaçıq ol ki, sən qazan hörmət.

Sədəqə artırar varı, sərvəti,

Qəlbinə hakim et sən bu xisləti.

Sədəqəylə başla səhəri erkən,

İşin avand olsun, əməlin ötkəm.

Qurban - paylaşmadır şadlıq, sevinci,

Paylaşdın taparsan sən dürrü-inci.

Sevgi qazanarsan sən bol-bolluca,

Adın şərəf tapar, olarsan uca.

Yeməyə meyl etmə, yedirt, fərəhlən,

Sənə dua edər hər qədir bilən.

Gözəl xasiyyətdir ən yaxşı yoldaş,

Kim ona yetərsə uca olar baş.

Qurban kəs, payla sən yoxsul, fəqirə,

Xoşbəxtdir o kəs ki, qəlbdə ev qura.

Kim sevgi qazansa Allah yanında,

O, kamillik tapar öz imanında.

Qurban kəs, payla sən, çox olsun ruzi,

Sevinc, fərəh tapsın hər kəsin üzü.

Sevindirə bilsən üç kasıb kəsi,

Önündə acılar Allah süfrəsi.

Qurbanlar çox olar, adlı-ünvanlı,

Bu qurban, - arzusu bütün dünyanın.

Dünya sevinc tapır, sevinir o gün,

Qəlblər də şadlanır, olur toy-düyün.

İsmayıl qurbanı deyirlər ona,

İnsanlar yetişir öz məqamına.

İldə bir yol olur o müqəddəs gün,

Könül fərəh duyur, qurur toy-düyün.

Hacər anamızdan doğulan o ər,

Allah nəzərində yetişdi ərşə.

Onunla fəxr edir övladi-bəşər,

Qəlblərdə yaşayır, dönüb günəşə...

Qurban - paylaşmadı sevinci xalqla,

Sən xalqa dayaq ol, haqqı da haqla.

Kim haqqı qoruyar ucalar daim,

Allah sevgisindən alar öz payın.

Kim sədəqə versə sübh tezdən, erkən,

Bəladan qorunar, gülər sevincdən.

Sədəqə verməklə sərvət azalmaz,

Allah əvəzində verər dürr-almaz.

Yaxşılıq eylə ki, dincəlsin ürək,

Ürək dincəldikcə keçirər fərəh.

Xalqını sevən ilk öncə, əvvəl

Bəndəsin sevməli Allahın əzəl..

İbrahim peyğəmbər od oğlu oddur,

O, Azər oğludur, Azər də oddur.

Böyük İsmayılın atası odur,

İbrahim, - səadət, eşq simvoludur.

Eşqlə vurulsa da oğluna həmən,

Keçmədi Allaha sədaqətindən.

Oğlunu qurbanlıq kəsməkçün həmən,

Səhraya apardı gizlin Hacərdən.

Qəlbində boğaraq kədər, qəmini,

Oğlunun boğazına çəkdi qəməni.

Nə qədər çalışdı kəsmədi qəmə,

Allah qıymadı ki, o, batsın qəmə.

Səmadan endirdi gözəl bir qoçu,

Bunu kəs, İbrahim, yoxdur bir suçun!

Sənin sədaqətin sonsuz, böyükdür,

Qəlbi böyüklərin özü böyükdür!

Kəs, payla hər kəsə, bu, bir ənamdır,

İnsandan qurbanlıq dəxi haramdır!

Bu gündən qadağa qoydum bu işə,

İnsanlıq şərəfdir, sevin həmişə!

İnsana sevgini yaşadın öncə,

Sevgi bir duyğudur incədən incə.

Kim ki bu sevgiyə göstərər hörmət,

Daim Tanrısına eyləyər biət.

Allah sevgisinə yetən hər kəsin,

Allahın özüdür ilk, son qibləsi.

Kim Allah eşqilə səcdəyə gələr,

Qəlb rahatlıq tapar, ürək dincələr.

Yaşadın Allahın eşqilə yaşa,

Məhəbbətin artar, sevgin də daşar.

Allahçün nə etsən, eylə saf, təmiz,

Allaha əyandır, bil, nə etsək biz.

Kim xeyir iş görsə ucalar müdam,

Xeyirxah olmalı daima adam.

Ay Allah, önündə ibarət anı,

Ən xoşbəxti ollam bütün dünyanın...

Aydın İsmayılov,

Təqaüdçü-mühəndis, Sumqayıt şəhəri

Digər xəbərlər