Əli Əhmədov: "İnamla deyə bilərik ki, qarşıdan gələn parlament seçkiləri də uğurla başa çatacaqdır"
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm dəyişikliklər və yüksəliş ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibinə çevrilib. Belə bir uğura nail olan Azərbaycan bu gün parlament seçkiləri ərəfəsindədir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür.
ÖLKƏMİZDƏ KEÇİRİLƏN BÜTÜN SEÇKİLƏR BEYNƏLXALQ STANDARTLARA UYĞUN QURULUR
Azərbaycanda aparıcı gücə malik olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük hazırlıq işləri görür. Ölkəmizin, eləcə də, regionun ən güclü siyasi təşkilatı olan YAP xalqımızın maraqlarının gerçəkləşdirilməsində mühüm uğurlara imza atır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Cənab İlham Əliyevin Sədrliyi ilə uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının siyasəti birmənalı olaraq xalq tərəfindən dəstəklənir. Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə artıq ilin əvvəlindən hazırlıq işləri başlanılıb və bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələr verilib. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov YAP-ın qarşıdan gələn parlament seçkilərilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib. YAP Sədrinin müavini ölkəmizdə keçirilən bütün seçkilərin demokratik standartlar əsasında baş tutduğunu bildirərək cari ildə keçiriləcək parlament seçkilərinin bu dəyərlər əsasında reallaşacağını qeyd edib: "Azərbaycan vətəndaşları iradələri əsasında etimad göstərdikləri siyasi qüvvələri dəstəkləyəcək və fəaliyyətlərində Azərbaycanın milli maraqlarını əsas götürən, demokratik dəyərlərə üstünlük verən, ölkənin inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən avanqard siyasi qüvvəyə növbəti dəfə etimad göstərəcəklər".
YENİ AZƏRBAYCAN PARTİYASI İMZATOPLAMA KAMPANİYASINI UĞURLA BAŞA VURDU
YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Həmin qərargahlarla seçkilərlə əlaqədar keçirilən iclaslarda vəzifələr dəqiqləşdirilib, partiya fəallarına tapşırıqlar verilib. Bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərdə sınanmış seçki texnologiyasından istifadə edərək, qələbələrini davam etdirmək əzmindədir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının rayon şöbələrində hazırlıq işlərini demokratik şərtlərə uyğun aparır. Dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı da müəyyənləşib. Hər bir seçki qərargahının tərkibinə seçicilərlə fərdi işin təşkili, təbliğat və təşviqat aparmaq üçün ərazidə yaşayan nüfuzlu şəxslərdən ibarət qruplar yaradılıb. Qərargah üzvlərini təlimatlandırmaq üçün treninqlər keçirilib. Bu günlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclasında 1 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən müvafiq seçki dairələri üzrə namizədlər təsdiq olunub.
Artıq 1 noyabr 2015-ci ilə təyin olunmuş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası da uğurla başa çatıb. YAP tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanıb və müvafiq dairə- seçki komissiyalarına təqdim edilib. Onlardan bir neçəsi DSK tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb. Bu proses davam etməkdədir. Namizədlərə seçicilərin belə etimadı regionda lider partiyaya çevrilən Yeni Azərbaycan Partiyasına olan inamın daha bir təzahürüdür. Görülən işlər deməyə əsas verir ki, Azərbaycanda növbəti parlament seçkiləri yüksək səviyyədə keçiriləcək.
Əvvəlki illərin seçki təcrübəsi və respublikamızın dinamik inkişafı nəticəsində əhalinin sosial-iqtisadi rifahının yüksəlməsi nəticəsində seçicilər arasında yaranmış yüksək əhval-ruhiyyəyə əsasən inamla deyə bilərik ki, qarşıdan gələn parlament seçkiləri də uğurla başa çatacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI