Mirkazım Kazımov - 65
Kazımov Mirkazım Məhəmməd oğlu...Bu adı çəkərkən, ilk növbədə bir insanın ləyaqət və şərəf yolu yada düşür. Belə ki, Mirkazım Kazımov ölkə ictimaiyyəti içində nüfuzuna və şəxsiyyətinə görə kifayət qədər tanınan simalardandır. 1950-ci il oktyabrın 10-da Azərbaycanın cənub bölgəsinin gözəl diyarlarından biri olan Cəlilabad rayonunun Hasıllı kəndində tanınmış seyyid-övliyya nəslinin ardıcıllarından olan Mir Məhəmməd ağanın ailəsində dünyaya göz açmış Mirkazım Kazımov elə uşaq vaxtlarından ona verilən ailə tərbiyəsi nəticəsində insana lazım olan əsl şəxsiyyət prinsipinə yiyələnmişdir. Mirkazım müəllim orta məktəbi bitirdikdən sonra, öz təsilini Azərbaycan iqtisadiyyatının əhəmiyyətli sahələrindən biri olan balıqçılıq təsərrüfatı üzrə orta ixtisasa yiyələnərək davam etdirib. Beləliklə, gənc Mirkazım keçmiş İttifaqın dəniz balıqçılıq donanmalarının gəmilərindən birində əmək fəaliyyətinə başlamış, öz ixtisası sahəsində enişli-yoxuşlu yollar keçərək, kifayət qədər təcrübə toplamış, dünya sularının sərt imtahanlarından çıxmışdır. Beləliklə, həm də praktiki cəhətdən ixtisanının dərinliyinə varan Mirkazım Kazımov sonradan ilkin ixtisası üzrə təhsilini davam etdirmiş, ali təhsil almaq üçün Moskva Yeyinti Sənayesi İnstitutuna daxil olmuşdur. Bu ali təhsil ocağını da müvəffəqiyyətlə bitirən gənc Mirkazım Azrbaycana geri döndükdən sonra, ölkənin su bioresurslarının mühafizəsi sahəsində çalışmış, sahənin strukturlarından birinə rəhbərlik etmişdir. SSRİ adlı nəhəng dövlət süquta uğradıqdan sonra Mirkazlm Kazımov təlatümlü 90-cı illərinin əvvəllərində siyasi fəaliyyətə qoşulmuş, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, partiyanın ilk üzvlərindən biri olmuşdur. 1993-cü ildən partiyanın Mərkəzi Aparatında çalışmış, sonrakı illərdə onun işlər müdiri olmuşdur.
Mirkazım Kazımov 1999-cu ildən YAP-ın Siyasi Şurasının üzvüdür. O, 1996-cı ildən "Qasid" Mətbuat Yayımı Səhmdar Cəmiyyətinin sədri işləyərək bu böyük kollektivə uğurla rəhbərlik edir.
Ölkənin cənub regionunda layiq görüldüyü diqqət və ehtiram Mirkazım Kazımova II, III və IV çağırış Milli Məclisə seçkilərdə deputat mandatı qazandırmışdır. Artıq 15 ildir ki, millət vəkili, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü olaraq qanun yaradıcılığında, Azərbaycanın bir neçə Xarici Ölkələrlə Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupların üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində fəal iştirak edir.
Mirkazım müəllim parlamentin üzvü olduğu bu illər ərzində keçirilən beynəlxalq görüşlərdə, konfranslarda, simpoziumlarda, samittlərdə, seçkiləri müşahidə edən nümayəndə heyətləri tərkibində, digər tədbirlərdə Milli Məclisi yüksək səviyyədə təmsil etmiş, məruzələrlə çıxış etmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının digər ölkələrin partiyaları ilə iki və çoxtərəfli əlaqələrində partiyanı təmsil etməklə keçirilən tədbirlərin fəal iştirakçısı olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, ətraf mühitə dair qanunların hazırlanmasında və qəbulunda Mirkazım müəllimin xüsusi əməyi olmuşdur. Xüsusilə vurğulamaq yerinə düşrədi ki, Mirlazım Kazımov "Ətraf mühitə dair informasiya almaq barədə" qanun layihəsinin hazırlanması üzrə işçi qrupa bilavasitə rəhbərlik etmiş, sənədi parlamentin plenar iclaslarında üç oxunuşda təqdim etmiş, qəbuluna nail olmuşdur. Deputatı olduğu Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı məsələləri parlament tribunasından müvafiq dövlət orqanları qarşısında mütəmadi olaraq qaldıran Mirkazım müəllim onların həllinə və həyata keçirilməsinə nail olur, seçicilərinin müraciətlərinə diqqət göstərir, qayğılarına qalır, problemlərinin çözülməsinə yardım edir. Mirkazım müəllim hər zaman vurğulayır ki, bu gün müstəqil Azərbaycan dövləti özünün yüksək sosial-iqtisadi tərəqqi və yüksəliş dövrünü yaşayır, bütün sahələr sürətlə inkişaf edir: "Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionda, dünyada öz layiqli yerini tutur, söz sahibi olan dövlətə çevrilir, daxili və xarici siyasət sahəsində böyük uğurlar əldə edir."
Beləliklə, bir daha bəlli olur ki, Mirkazım müəllim yürüdülən dövlət siyasətinin ən bariz dəstəkçilərindən biridir. O, hərtərəfli təcrübəyə və kifayət qədər nüfuza malik bir insan, həm də dövlət nümayəndəsi kimi bütün bu uğurlarla fəxr edir. Eyni zamanda, ölkənin böyük bir ərazisini əhatə edən cənub regionunun əhalisinə, xüsusilə gənclərə çatdırmaqda öz vaxtını və imkanlarını əsirgəmir.
Son olaraq isə bir əhəmiyyətli amilə də toxunmaq olar ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, ölkə həyatında baş verən proseslərə əsl vətəndaş mövqeyindən yanaşan bir insan kimi Mirkazım Kazımov ictimaiyyətin dərin hörmətini qazanmışdır.
Bu günlərdə Mikazım müəllimi 65 illik yubileyi tamam olur. Biz də "SƏS" Media Qrupu adından həmin münasibətlə dəyərli millət vəkilimizi, gözəl insanı ürəkdən təbrik edir, yaşının müdriklik çağında ona uzun ömür, cansağlığı arzulayır, ictimai-siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik. Əmin olduğumuzu bildiririk ki, şərəfli ömrünün müdrik dövrünü yaşayan Mirkazım Kazımov bundan sonra da Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, xalqla hakimiyyətin birliyinin gücləndirilməsində zəngin təcrübəsini, bilik və bacarığını əsirgəməyəcəkdir. Yubileyniz mübarək, Mirkazım müəllim!
"SƏS"