Oktyabrın 15-də Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Gəncədəki Heydər Əliyev Mərkəzində "Qafqaz tarixinin aktual problemləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsini ziyarət edərək, gül dəstələri qoyublar.Azərbaycan, Gürcüstan, Türkiyə, Almaniya, Fransa və Özbəkistandan olan tarixçi alimlərin iştirakı ilə keçirilən konfransı Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov açıb.Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva qonaqları salamlayaraq konfransın vacib bir məsələyə həsr olunduğunu diqqətə çatdırıb.Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov, Naxçıvan Dövlət Universitetinin professoru Ələkbər Cabbarlı, Gürcüstanın Telavi Universitetinin professoru İlya Çukaşvili və başqaları beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.Konfransda gürcüstanlı professor Quram Marxuliyanın "Erməni ekspansionizminin aspektləri", özbəkistanlı professor Erkin Nuriddinovun "Azərbaycan beynəlxalq münasibətlərdə Özbəkistanın Qafqazda əsas tərəfdaşıdır", almaniyalı professor Nuridə Atəşin "Xocalı-Gədəbəy mədəniyyəti beynəlxalq tədqiqatlarda", türkiyəli tədqiqatçı Erdal Açıksesin "Birinci dünya müharibəsi və sonralar Qafqaz cəbhəsində rusların erməni siyasəti" mövzularında məruzələri dinlənilib.İki gün davam edəcək beynəlxalq konfransda "Qafqazın siyasi tarixi", "Qafqazın arxeologiyası", "Qafqazın mədəniyyət tarixi", "Qafqaz müasir mərhələdə: sosial-iqtisadi və siyasi proseslər", "Qafqazda milli münaqişələr", "Qafqaz tarixində Gəncənin yeri" və sair mövzularda 300-ə yaxın elmi məruzənin dinlənilməsi nəzərdə tutulub.Konfrans çərçivəsində iştirakçılar Gəncənin tarixi-memarlıq abidələrinə ekskursiyalar edəcək, onun müasir inkişafı ilə yaxından tanış olacaqlar.
AZƏRTAC