Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə "Ailə, məktəb və cəmiyyət" devizi ilə növbəti "telekörpü" Lənkəranda reallaşıb.AZƏRTAC xəbər verir ki, müəllimlərin də qatıldığı "telekörpü"də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev və təhsil üzrə ekspertlər mövzu ilə bağlı çıxış ediblər.Çıxışlarda qeyd olunub ki, gənc nəsil ailə və məktəbdə formalaşır. Qazandığı uğurları iş prosesində - peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin, kollektivin, rəhbərliyin, dostların gənclərin tərbiyəsində rolu əvəzsizdir. Bunun üçün cəmiyyətdə demokratiyanın inkişaf etdirilməsi əsas şərtdir. Bu da gəncliyin sağlam inkişafına təkan verir.Bildirilib ki, ictimaiyyət özü bir ailədir, ailənin böyüdülmüş formasıdır. Ailəni də məktəb kimi qəbul etmək vacibdir, çünki burada uşaqlar ailə və cəmiyyət qarşısındakı vəzifələrini öyrənirlər.Diqqətə çatdırılıb ki, cəmiyyətin inkişafına təkan verən sosial proseslər şəxsiyyətin inkişafına da xüsusi təsir göstərir və mühüm tələblər irəli sürür. Dəyişən dünyanın reallıqlarından kənarda qalmamaq prinsipinə əsaslanmaqla müasir tələblərə cavab verən yeni təlim və tərbiyə metodlarının tətbiqi də öz aktuallığını daim qoruyub saxlayır. Təlim və tərbiyə müasir şagirdi həyata hazırlamalıdır.Videobağlantıda müəllimlərin də mövzu ilə bağlı fikirləri dinlənilib.
AZƏRTAC