Leyla xanım Əliyeva xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına, qarşılıqlı zənginləşməsinə verdiyi töhfəyə görə Vladimir Putinin Fərmanı ilə "Puşkin" medalı ilə təltif edilib
Azərbaycanda aparılan abadlıq və quruculuq işləri, yeni layihələrin icrası öləkəmizin sürətli inkişafını əsaslandıran amillərdəndir. Bu inkişaf ölkəmizin beynəlxalq aləmdə nüfuzunu ildən-ilə artırır, dünyanın müxtəlif qitələrilə münasibət quran Azərbaycanın söz sahibinə çevrilməsinə səbəb olur. İstənilən bir sahədəki nailiyyətlər Azərbaycan məfhumunu dünyaya daha da yaxınlaşdırır. Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr öz məzmunu, ideyası baxımından Azərbaycan reallıqlarına xidmət edir və geniş sferanın əhatəliyi, əhəmiyyəti baxımından önəmlidir. Fondun Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyi genişmiqyaslı proqram və layihələrinin nəticəsi olaraq xarici ölkələrin fondlarilə əməkdaşlığı genişlənir, xalqlararası münasibətlər möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən bir sıra dost dövlətlərdə nümayəndəliklərin yaradılması bu əlaqələrin genişlənməsinə təkan verir. Fondun Rusiya Federasiyasında fəaliyyət göstərən nümayəndəliyi də Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti məzmun baxımından rəngarəng və çoxçalarlıdır. Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi zaman məsafəsində Rusiya məkanında özünə imic yaradıb və qurum həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilib. Azərbaycanın sülhsevər, humanist, dini tolerantlığa hörmətlə yanaşan, milli-mənəvi dəyərləri qoruyan bir xalq olduğunu Rusiyada nümayiş etdirir. Leyla xanımın təşəbbüsü və həyata keçirdiyi layihələr əsasında RAGT-ın coğrafiyası genişlənməkdədir. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini əhatə edir. RAGT Rusiya gənclərini, o cümlədən ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatilə getdikcə daha yaxından tanış edir. Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında Azərbaycan bazar günü məktəbləri açılıb. Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı fəaliyyətdədir. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunur.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəlyinin Azərbaycanın dünyaya daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında əhəmiyyəti olan sərgilərin təşkilini xüsusi vurğulamaq vacibdir. Fondun Prezidenti və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyilə keçirilən sərgilər Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır. Son vaxtlar müxtəlif dünya ölkələrində bir-birinin ardınca təşkil olunan "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda təşkil olunan sərgi də bu qəbildəndir və Moskva sənətsevərlərinin də ixtiyarına verilib. Qeyd olunan ad altında təşkil edilən sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu Azərbaycanda baş verənlərin böyük bir hissəsini əlvan boyalar vasitəsilə diqqətə çatdırır. Azərbaycanın qədim tarixi də sənət əsərlərdə əksini tapır. Orijinal sərgilərdə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və heç bir məhdudiyyət tanımır. RAGT olduqca lazımlı və faydalı fəaliyyət formalarından istifadə edərək, mədəni-maarif və sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır.
Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı RAGT-ın gördüyü işlərin davamıdır. Bu mərkəz MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzi təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm əlamətdar hadisədir. Tarixən mədəni əlaqələrin genişlənməsinə üstünlük verən Azərbaycan - Rusiya arasında ənənəvi mədəni əlaqələr mövcudluğunun davamı olaraq əhəmiyyət daşıyır. Ardıcıl olaraq aparılan işlər Azərbaycanın çox zəngin mədəniyyətə, təbii sərvətlərə və böyük nüfuza malik olan bir ölkə kimi tanınmasında belə əlaqələrin müstəsna rolunu qeyd etməliyik. Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu" kitabının çapdan çıxması da məhz Azərbaycan reallıqlarını özündə ehtiva edən nümünədir.
RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayaraq Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə önəm yetirir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunun konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək olan RAGT fəaliyyətini birmənalı olaraq davam etdirməkdədir.
RAGT olduqca lazımlı və faydalı fəaliyyət formalarından istifadə edərək, mədəni-maarif və sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır. Belə ki, "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" qlobal hərəkatın yaradılması və inkişafı ideyasının reallaşmasında Leyla xanımın rolu danılmazdır.
Leyla Xanım Əliyeva Rusiya kimi bir dövlətdə fəaliyyətini müxtəlif sahələrə şaxələndirib, böyük layihələri həyata keçirməklə böyük bir missiyanı reallaşdırır. Bu kimi işlər Leyla xanım Əliyeva şəxsiyyətinə qısa bir zaman məsafəsində imic yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya "Tərəqqi" medalı xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə təqdim olunub.
Leyla xanımın Rusiyadakı fəaliyyəti və əlaqələrin qurulmasındakı rolundan həmin ölkənin rəsmi nümayəndələri də qürürla danışırlar. Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə görüşündə bu əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edərək bildirib ki, belə mədəni layihələr vasitəsilə xalqlarımız bir-birinə daha yaxın olur, gənclər daha fəal surətdə dostluq edirlər. Peterburq Rusiyanın şimal paytaxtilə Azərbaycan arasında tarixən mehriban dostluq əlaqələrinin inkişafında maraqlıdır. Qubernator Heydər Əliyev Fondunun və RAGT gənclər təşkilatının təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək təşəbbüsünü dəstəkləmişdir. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 nömrəli orta məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
Sankt-Peterburq Azərbaycan, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində Leyla Əliyevanın gördüyü işlər təqdirlayiqdir. Bu görülən işlərin davamı olaraq Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağ açılmışdı.
Azərbaycan-Rusiya münasibətləri, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksəlməsində RAGT-ın rolunu vurğulamaq lazımdır. RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. RAGT-ın uğurları, onun beynəlxalq proseslərə inteqrasiyası sürətlənir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Azərbaycan ilə Rusiya arasında qurduğu belə əlaqələrin nəticəsidir ki, bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə "Puşkin" medalı ilə təltif edilib. Qeyd edək ki, Rusiya Federasiyasının "Puşkin" medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.
Göründüyü kimi, Azərbaycandan kənarda iri məzmunlu layihələrin əsasında bəşəriyyətə humanizm dəyərlərini əxz etmək, dinindən- dilindən asılı olmayaraq qeyri-millətləri dialoqa cəlb etmək kimi qlobal mahiyyət kəsb edən məsələlərin icrasında özünü təsdiqləyən fondun Rusiya nümayəndəliyi artıq ətrafında yüksək fikirlər formalaşdırıb.
Nəzakət ƏLƏDDİNQIZI