Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının üzvləri mətbuat konfransı keçirib. Parlament seçkilərilə bağlı apardıqları monitorinqin nəticələrini açıqlayan AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək bildirib ki, Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində ölkədə sabit ictimai-siyasi mühit mövcuddur: "Biz bütün bölgələrdə seçicilər üçün seminarlar təşkil etmişik. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Azərbaycanda stabil siyasi mühit formalaşıb. Azərbaycanda hazırkı seçkiqabağı mühit olduqca əlverişlidir və bu da seçkilərin şəffaf keçiriləcəyinə bir sübutdur. Azərbaycanda, eyni zamanda sərbəst toplaşma azadlığı da təmin edilir. Azərbaycana qarşı Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, respublikamız sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirdi. Avropa İttifaqı və ATƏT-dən fərqli olaraq Avropa Şurası Parlament Assambleyası (AŞPA) daha konstruktiv mövqe nümayiş etdirib. Qurumun sentyabrın 28-də keçirilən növbəti sessiyasında Azərbaycanda keçirlləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidəçi göndərilməsini müzakirə edib. Uzun müzakirədən sonra ispaniyalı parlamentari Jordi Xuclanın rəhbərliyilə 32 nümayəndənin göndərilməsi səsverməyə çıxarılıb və qəbul olunub. Səsvermədə 17 nəfər lehinə, 10 nəfər əleyhinə səs verməklə qərar qəbul edilib".
AVCİYA-nın təqdim etdiyi hesabatda göstərilir ki, qurum may ayının 1-dən başlayaraq 9 qəzetin monitorinqini təşkil edib. Bunlardan 3-ü müstəqil, 3-ü müxalifət, 3-ü iqtidar qəzetləridir. Monitorinqin məqsədi bu qəzetlərin seçki mövzusuna öz səhifələrində nə dərəcədə yer ayırmasını aşkara çıxarmaqdan ibarət olmuşdur: "1 noyabrda keçiriləcək seçkiləri müşahidə etmək üçün indiyə qədər dairə-seçki komissiyalarında 43459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, MSK-dan 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər. Seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək. Bunlara AŞPA, MDB, TürkPA, QİƏT PA, Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar Palatası, müxtəlif öıkələrin seçki komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri və digər mötəbər qurumlardan olan nümayəndıə heyətləri daxildirlər".
Bildirilib ki, namizədlərin təbliğat-təşviqatla bağlı 2837 yer müəyyən edilib ki, bunlardan da 1436-sı qapalı, digərlərinin isə açıq məkanlardır: "Dövlət seçki prosesinə icra strukturlarının müdaxiləsinə, inzibai resursların istifadəsinin ciddi cəzalandırılmasına dair sərt mövqeyini ardıcıl olaraq nümayiş etdirir və onun yerinə yetirilməsinə nəzarət edir".
Samir