Astara rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub
Azərbaycanın iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafilə yanaşı, səhiyyə sisteminə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə bir sıra uğurlara imza atılıb. Bu gün Azərbaycan səhiyyəsində əldə edilən uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır, Azərbaycanın bu sahədəki gücünü göstərir. Son illərdə paytaxt Bakı şəhərilə yanaşı regionlarda səhiyyə sistemində əhaliyə xidmətin səviyyəsi yüksəlir, humanitar aksiyaların sayı və miqyası get-gedə artır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Astara rayon icra hakimiyyətinin birgə təşkilatçılığilə bu ilin oktyabrın 16-dan başlayaraq Astara rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsilə əlaqədar humanitar aksiyalar keçirilir. Humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, rayon Mərkəzi Xəstəxanasında bir neçə əməliyyat həyata keçirilib. Oktyabrın 29-da tibbi aksiya çərçivəsində Astara rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub. Belə ki, rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızı üzərində canlı donordan- anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Uğurlu əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ana və qızının vəziyyəti yaxşıdır.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, həkim briqadasının rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Mir Cəlal Kazımi "Səs" qəzetinə bildirib ki, əməliyyatdan əvvəlki hazırlıqlar-uyğunluq testləri aparıldıqdan sonra xəstənin əməliyyat olunmasına qərar verilib: "Əməliyyat 4 saata yaxın davam edib. Donorun gələcək həyatı üçün hər hansı bir təhlükə yoxdur".
Bugünkü əməliyyatın 233-cü əməliyyat olduğunu vurğulayan M.Kazımi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən Azərbaycanın regionlarında - Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərindən sonra Astarada ilk dəfə həyata keçirilən böyrək transplantasiyasının da uğurla həyata keçirildiyini bildirib.
İntizarə Məmmədova